İlham Əliyev: Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf və tərəqqi yoludur

“Bu gün müstəqil Azərbaycan inkişaf edir, yaşayır”…

“Bu gün müstəqil Azərbaycan inkişaf edir, yaşayır”.

Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşayıb-yaradıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Naxçıvanın qədim dövlətçilik tarixi var:

“Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilib. Bu, gözəl, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi”.

Prezident qeyd edib ki, bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilib:

“Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi.

Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynayıb. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.

Prezident qeyd edib ki, Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır:

“İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş edib. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüb.

O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.

Prezident bildirib ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanıb:

“Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül edib, muxtar respublika üçün çox ağır bir dövr başlayıb. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi.

Xoşbəxtlikdən yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bildilər. Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi”.

Prezident bildirib ki, həmin ərəfədə erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlayıblar:

“Onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi.

Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcək”.

Prezident Naxçıvanda dövlət çevrilişi cəhdi olmasından da danışıb:

“Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilib”.

Ölkə başçısı Naxçıvanın müstəqillik tarixindən, ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilməsindən, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvanın iştirak etməməsindən də danışıb:

“O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərib. Bir daha göstərdi ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Naxçıvan bu ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoyub”.

Prezident Ulu Öndərin Azərbaycan tarixində rolunun da əvəzsiz olduğunu qeyd edib:

“Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Ulu Öndərin həyat və fəaliyyəti, onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır”.

Prezident bir daha müstəqilliyi Azərbaycanın ən böyük sərvəti adlandırıb:

“XX əsrin əvvəllərində də Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü müəyyən səbəblər üzündən uzun olmayıb. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə, müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən, bizim əzəli torpağımız olan İrəvan Ermənistana verilib. Necə ki, ondan bir neçə il sonra bolşevik sovet hakimiyyəti Zəngəzuru ermənilərə verib. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına düşüb. Görün, bizim xalqımız nə qədər böyük faciələr yaşayıb.

Ancaq buna baxmayaraq, xalqımızın iradəsi sınmayıb. Buna baxmayaraq, Azərbaycan bu gün inamlı inkişaf dövrünü yaşayır. Bu gün güclü Azərbaycan bölgə üçün, region üçün sabitləşdirici rol oynayır. Mən tam əminəm ki, güclü Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə və gələcəkdə bütün tarixi torpaqlarımıza qayıtmağa imkan verəcək”.

Əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi müstəqilliyini qoruya bildiyini deyən ölkə başçısı vurğulayıb ki, müstəqilliyin bünövrəsi 1990-cı illərin əvvəllərində Naxçıvanda qoyulub:

“Məhz ona görə ki, 1993-cü ildə Azərbaycan xalqının xahişi ilə Ulu Öndər Naxçıvandan Bakıya gedib və orada Azərbaycanı böyük bəlalardan, vətəndaş müharibəsindən qurtarıb, Azərbaycana sabitlik gətirib. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik, sürətli inkişaf dövrü yaşanır və müstəqilliyimizin banisi Heydər Əliyevin bu uğurlarda rolu əvəzsizdir”.

Prezident bildirib ki, bu illərdə Naxçıvan da sürətlə inkişaf edib. Dövlət başçısı bildirib ki, Naxçıvanda bütün məsələlər uğurla icra edilir:

“Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm”.

Prezident Naxçıvanın hərbi potensialının da gücləndiyini, ordunun hərbi texnika ilə təminatının ən yüksək səviyyədə təşkil edildiyini bildirib:

“Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Gələcəkdə Naxçıvanın hərbi potensialının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək.

Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq”.

Ölkə başçısı bildirib ki, ordu quruculuğusahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi dövlət siyasətidir.

Naxçıvanın 100 faiz qazlaşdırıldığını, elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam təmin etdiyini bildirən prezident qeyd edib ki, hətta ixrac imkanları da  yaranıb.

Prezident 1990-cı illərin əvvəllərində Naxçıvandakı vəziyyəti xatırladıb və hazırda vəziyyətin tamamilə dəyişdiyini bildirib.

Ölkə başçısı deyib ki, Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranıb, ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapıb. Prezident bildirib ki, muxtar respublikada infrastruktur layihələrinin icrası, yolların çəkilməsi, səhiyyə və təhsil obyektlərinin tikintisi də sürətlə aparılır.

Prezident qeyd edib ki, Azərbaycan müstəqil dövlət olmaqla yanaşı həm də uğurlara imza atan dövlətdir:

“Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Cəmi 10 il ərzində iqtisadiyyat 3 dəfə artıb. Bizi uzun illər incidən işsizlik kimi problem demək olar ki, aradan qaldırılıb. Yoxsulluq səviyyəsi ən aşağı həddədir. Azərbaycan bu gün bütün iqtisadi parametrlər üzrə ən qabaqcıl ölkələrlə eyni səviyyədədir, bəzi parametrlər üzrə inkişaf etmiş ölkələri də qabaqlayır. Bizim dövlət xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir”.

Dövlət başçısı bildirib ki, ölkədə siyasi islahatlar da uğurla aparılır:

“Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün azadlıqlar mövcuddur. Siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, internet azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, bütün azadlıqlar var. Azərbaycan demokratik dövlətdir.

Azərbaycan o dövlətdir ki, bu dövlətin inkişafını xalq müəyyən edir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas istiqamətdir, əsas yolumuzdur.

Yəni, bu gün Azərbaycan dövləti möhkəm təməl üzərində qurulub. Bu təməl tarixə, xalqımızın əsrlər boyu yaratdığı dəyərlərə söykənir. Milli ideologiyamıza söykənir ki, onun müəllifi ulu öndər Heydər Əliyevdir. Bu gün, eyni zamanda, bizim dövlətimiz möhkəm iqtisadi baza üzərində qurulubdur. İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir”.

Prezident bildirib ki, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib:

“Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz var. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulub. Beynəlxalq hüquq və ədalət – bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır.

Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Prezident qeyd edib ki, Azərbaycan öz siyasətinə sadiqdir:

“Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”.

 

/Oxu.az/