“Yekəxanalığa yol vermək olmaz”…
“Yekəxanalığa yol vermək olmaz”.
Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Prezident qeyd edib ki, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıdırlar:
“Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.
İlham Əliyev icra başçıları ilə bağlı bir məqama da toxunub:
“Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.