İlham Əliyev həmsədrləri qəbul etdi

Görüşdə yalnız ABŞ-ın nümayəndəsi iştirak etməyib…

Görüşdə yalnız ABŞ-ın nümayəndəsi iştirak etməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki və Devid Salvonu (ABŞ-dan olan həmsədrin köməkçisi) qəbul edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana səfər edə bilməyib.

“Ceyms Uorlik bu həftə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri planlaşdırsa da, şəxsi məsələlər üzündən həmkarlarına qoşula bilməyib. Buna baxmayaraq ABŞ tərəfi Azərbaycan hökuməti ilə keçirilən görüşlərdə təmsil olunub. Səfir Uorlik həmkarlarının səfərinin məhsuldar olduğuna inanır, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutacaq görüşünü səbirsizliklə gözləyir”, – deyə ABŞ səfirliyindən Oxu.Az-a bildiriblər.

www.oxu.az