İlham Əliyev şahzadəni qəbul etdi

Azərbaycanda idmana göstərilən dövlət diqqətindən məmnunluq ifadə edildi…

Azərbaycanda idmana göstərilən dövlət diqqətindən məmnunluq ifadə edildi.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya Bint Al Hüseyni qəbul edib.

Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, Şahzadə Haya Bint Al Hüseyn İordaniya Haşimilər Kralı II Abdullahın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlət başçısına çatdırdı.

Görüşdə Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının illik iclasının Bakıda keçirilməsinin önəmi qeyd olundu, ölkəmizdə idmana, o cümlədən atçılıq idman növünün inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən məmnunluq ifadə edildi, Azərbaycanda müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin nəticəsi kimi dəyərləndirildi.

Prezident İlham Əliyev İordaniya Haşimilər Kralının və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş nazirinə, Dubay Əmirinə çatdırmağı xahiş etdi.

www.oxu.az