İlham Əliyev: Xocalıdakı zorakılığı bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər

“Bu, vandalizmdir”…

“Bu, vandalizmdir”.

Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim müdafiə edir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Malayziya baş naziri Mohammad Najib Tun Abdul Razakla görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycan prezidenti qeyd edib ki, bu, beynəlxalq hüquqa uyğun olan mövqedir və Azərbaycan-Malayziya əməkdaşlığını, qardaşlığını əks etdirir.

“Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf 7 rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir”, – deyə o vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Xocalıdakı zorakılığı və soyqırımı bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər:  “Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə sizə bir daha təşəkkür edirəm”.

Dövlətimizin başçısı Azərbaycan və Malayzaiya arasındakı əməkdaşlığa da toxunub.

“Təəssüf ki, bu gün ticarət dövriyyəmiz olduqca aşağı səviyyədədir. Amma əminəm ki, bu səfərdən sonra müsbət irəliləyiş əldə ediləcək”.

Malayziya baş naziri ilə iqtisadi əməkdaşlığı müzakirə etdiyini deyən dövlət başçısı bildirib ki, iki ölkə şirkətlərinin qarşılıqlı sərmayə yatırımı barədə razılıq əldə olunub.

“Biz birgə sərmayə imkanlarını nəzərdən keçirdik – söhbət üçüncü ölkələrdə reallaşdırılacaq layihələrdən gedir. Zənnimcə, böyük potensial var. Bu gün biz enerji sahəsində çox ətraflı, geniş müzakirə apardıq. Bu sahədə əməkdaşlığımız üçün çox böyük perspektivlər var. Zənnimcə, biz bu sahədə strateji tərəfdaşlığa nail ola bilərik – enerji resurslarının ixracı, nəqli, emalı və digər məsələlərdə. Bu səbəbdən də bu gün SOCAR və “Petroliam Nasional Berhad” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi yaradır. Əminəm ki, hər iki şirkətin rəsmiləri dərhal fəal dialoqa və əməkdaşlığa başlayacaqlar. Çünki artıq tərəflər konkret layihələr müəyyən ediblər. Ümid edirəm ki, biz olduqca qısa zamanda real nəticələr görəcəyik”, – deyə o vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, Malayziya dünyada Azərbaycan üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Azərbaycanla Malayziyanın İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçirdiklərini, səylər göstərdiklərini deyən dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edildiyini önə çəkib:

“Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola bilərik. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni səhifəsini açır”.

www.oxu.az