“İşğalçı siyasət Rusiya tərəfindən də dəstəklənir”

“Ermənistanın regional layihələrdən kənarda qalması məhz onun işğalçı siyasəti ilə bağlıdır”…

“Ermənistanın regional layihələrdən kənarda qalması məhz onun işğalçı siyasəti ilə bağlıdır”. Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” konfransda Qara Dəniz Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya deyib.

Y Sarıkaya 1990-cı illərin ortalarında regionda iki geosiyasi – Şərq-Qərb və Şimal-Cənub geosiyasi xətlərin formalaşdığını və vəziyyətin bu günə qədər davam etdiyini söyləyib. Türkiyəli analitik Şərq-Qərb geosiyasi xəttində yerləşən Azərbaycan, Gürcüstan və Türkiyənin tarixi maraq və dəyərlərlə yanaşı, enerji maraqları çərçivəsində də bir-biri ilə yaxın əməkdaşlıq etdiyini söyləyib. Qara Dəniz Araşdırmalar Mərkəzinin direktoru üç ölkənin böyük enerji layihələri həyata keçirərək bölgəni dünya ilə birləşdirdiyini deyib.

 

Regiondakı ən böyük problemlərdən birinin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən türkiyəli analitik Ermənistanın regional layihələrdən kənarda qalmasını məhz onun işğalçı siyasəti ilə bağlı olduğunu deyib. Yalçın Sarıkaya Ermənistanın işğalçılıq siyasətinin Rusiya tərəfindən də dəstəkləndiyini dilə gətirib.

Türkiyəli ekspert sonda bildirib ki, Azərbaycan Türkiyə ilə viza rejimini ləğv edərsə, regiona tamamilə vizasız region ola bilər.

 

Konfransda çıxış edən Gürcüstan Siyasət Mərkəzinin direktoru Korneli Kakaçia Baltikyanı ölkələr arasındakı əməkdaşlıq modelinin Cənubi Qafqazda həyata keçirilməməsindən təəssüfləndiyini bildirib. Gürcüstanın müstəqillik dövründə xarici siyasətinin əsas istiqamətinin Rusiyadan uzaqlaşmaq olduğunu deyən gürcü analitik Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalamaqda israrlı olduqlarını deyib. O, Ermənistana edilən təzyiqlər nəticəsində İrəvanın xarici siyasət xəttinin dəyişdiyini və Gürcüstana da təzyiqlərin edildiyini vurğulayıb.

/Publika/