İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 108-ci sessiyası başlayıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, dekabrın 1-dək sessiyada iştirak etmək məqsədilə Cenevrədə səfərdə olan qurumun rəisi Firudin Nəbiyev BMqT-nin baş direktoru Uilyam Leysi Svinqlə görüşüb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMqT və Azərbaycan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
U.L.Svinqin 2015-ci ilin sentyabr ayında Azərbaycana uğurla həyata keçirilmiş səfərinin və səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün bu əməkdaşlığa güclü təkan verdiyi vurğulanıb. Bu təşkilatla əməkdaşlığın genişləndirilməsi kontekstində ölkəmizin yeni layihələrə və təşəbbüslərə açıq olması, həmçinin BMqT-nin müxtəlif beynəlxalq tədbirlərində Azərbaycan Respublikası adından yüksək nümayəndə heyətinin iştirakı təqdir edilib.
Tərəflər ötən il dekabrın 8-də BMqT-nin 107-ci sessiyası çərçivəsində “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin imzalanmasını ölkəmizin BMqT ilə əməkdaşlığının bariz nümunəsi kimi dəyərləndiriblər.
Xidmət rəisi 2016-cı ilin sentyabrında BMqT-nin BMT ailəsinə rəsmən qoşulmasının və həmin vaxt BMT Baş Assambleyası çərçivəsində dünyada davam edən qaçqın və miqrant axınlarının idarə edilməsində beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi məqsədilə qəbul edilmiş “Qaçqınlara və miqrantlara dair Nyu-York Bəyannaməsi”nin dünya üçün əhəmiyyətinə toxunub.
BMqT-nin BMT sisteminin sırf miqrasiya məsələləri ilə məşğul olan qurumu kimi zəngin təcrübəsini ortaya qoyaraq dünyada gedən miqrasiya proseslərinə verdiyi töhfəni daha da artıracağına ümidvar olduğunu deyən F.Nəbiyev bildirib ki, Azərbaycan adıçəkilən bəyannaməni, eləcə də qaçqınlarla bağlı təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyaya dair qlobal müqavilələrin qəbulu istiqamətində sonrakı irəliləyişləri dəstəkləyir.
Xidmət rəisi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi miqranta çevrilmiş bir milyondan çox insanın üzləşdiyi problemləri və bu problemlərin həlli ilə bağlı ölkə rəhbərliyinin gördüyü işləri xatırladıb. Ümumiyyətlə, dünyada münaqişələrin sayının və coğrafi məkanının genişlənməsi, qaçqın və məcburi köçkünlərin sayının sürətlə artması hallarının acı nəticələrini aradan qaldırmaq məqsədilə BMqT-nin dünya dövlətləri ilə fəal və konstruktiv dialoqu davam etdirəcəyinə və onlara bütün miqrantların, məcburi köçkünlərin hüquqlarının qorunması, bu kateqoriyadan olan kövrək insanlara lazımi dəstəyin verilməsi və yardım məsələləri ilə bağlı öhdəliklərini xatırladacağına əminliyini ifadə edib.
F.Nəbiyev əlavə edib ki, Azərbaycandakı sürətli iqtisadi inkişaf, siyasi sabitlik, tolerantlıq və multikulturalizm mühitinin mövcudluğu sayəsində Azərbaycan üçüncü dövlətlərdən olan çoxsaylı miqrantlar üçün hədəf ölkəsinə çevrilib. Ona görə də respublikamız regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarına nəzarət etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. BMqT-nin bu istiqamətdə Azərbaycana mümkün dəstəyi arzuolunandır və Azərbaycan Hökuməti əməkdaşlığa açıqdır. Hazırda BMqT ilə birgə “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi (2014-2017) uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış sabitliyin və mütərəqqi miqrasiya idarəçiliyi modelinin, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmin şahidi olduğunu məmnunluqla xatırladan, səsləndirilən fikirləri, qaldırılan məsələləri dəstəklədiyini deyən baş direktor U.L.Svinq əmin olduğunu bildirib ki, bugünki görüş və aparılan fikir mübadiləsi birgə əməkdaşlığın gələcək perspektivinə öz tövhəsini verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Report.az