Kənd təsərrüfatı yenidən siyahıya alınacaq

DSK məlumat yaydı…

DSK məlumat yaydı.

Azərbaycanda kənd təsərrüfatının növbəti siyahıya alınmasının gələn il – 2015-ci il iyun ayının 1-30-da keçirilməsi nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, siyahıyaalma ucdantutma qaydada kənd təsərrüfatı istehsalı ilə məşğul olan bütün təsərrüfatlardan məlumatların sorğu yolu ilə alınması əsasında aparılacaq. Təsdiq edilmiş normativlərə uyğun olaraq bütövlükdə respublika üzrə kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 100 təsərrüfata bir nəfər sayıcı hesabı ilə 12600 sayıcı, hər 10 sayıcıya 1 nəfər olmaqla 1260 təlimatçı-nəzarətçi cəlb ediləcək.

Xatırladaq ki, siyahıyaalma zamanı təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə, gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqlarının mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaq.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq və kənd təsərrüfatı statistikasının iqtisadiyyatın idarə edilməsində mühüm əhəmiyyəti var və bunun üçün geniş, həm də etibarlı statistik məlumatlara malik olmaq lazımdır.

Qeyd edək ki, sonuncu ümumi kənd təsərrüfatı siyahıyaalınması 2005-ci ilin iyun ayının 1-dən 30-dək olan tarixdə keçirilib.

www.oxu.az