“Münaqişənin hərbi yolla həlli yoxdur”…
“Münaqişənin hərbi yolla həlli yoxdur”.
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir tərəfindən imzalanan bəyanatda bildirilir ki, həmsədr ölkələr münaqişənin sülh yolu ilə həllinə dair mövqelərinə sadiqdir:
“Münaqişənin hərbi yolla həlli yoxdur. Biz tərəfləri zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırırıq”.
Sənəddə il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur:
“İyul və avqustda hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, tərəflər arasında gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməli və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalıdır.
12 noyabrda hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin vacibliyini göstərir. Biz tərəflərə müraciət edərək gərginliyin artmasının qarşısını almaq üçün onları səbr nümayiş etdirməyə çağırırıq. Biz eyni zamanda tərəfləri humanitar problemləri 2010-cu ilin oktyabrında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünün yekun bəyanatının ruhuna uyğun həll etməyə səsləyirik”.
Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ildə Soçi, Nyuport və Parisdə keçirilmiş görüşləri tərəflər arasında ən vacib kommunikasiya kanalını canlandırıb:
“Biz prezidentlərin gələn il dialoqu aktivləşdirmək bərədə Parisdə əldə etdikləri razılığı alqışlayırıq. Tərəflərin fikir ayrılıqlarını aradan qaldırması, etimadı bərpa etməsi və öz öhdəliklərini yerinə yetirərək münaqişənin yekun həllinə aparıb çıxaracaq danışıqlar prosesinə başlaması üçün fürsət yaranıb.
Onların münaqişənin hərtərəfli həlli üçün ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış, xüsusən son Paris görüşündə müzakirə olunmuş prinsip və elementlərin əsas kimi götürülməsini qəbul etmələri gözlənilir. Hərtərəfli sülh razılaşması üçün danışıqlar həmsədr ölkələrin egidası altında mümkün qədər tez başlamalıdır.
Biz münaqişənin dayanıqlı həlli üçün tərəflərlə sıx əlaqədə çalışmağa və yeni sülh səhifəsi açmağa hazırıq, lakin əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür”.