Komitə sədri orduda korrupsiyadan danışdı

“İnsanlar özü də düşünməlidir ki, bu cür yollara getmək, bu cür işlərlə məşğul olmaq olmaz”…

“İnsanlar özü də düşünməlidir ki, bu cür yollara getmək, bu cür işlərlə məşğul olmaq olmaz”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərovmüdafiə sektorunda aparılan islahatlar və keçmiş ordu rəhbərliyi ilə bağlı yeyinti halları ilə əlaqədar cinayət işlərinin açılmasına münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Z.Əsgərovun dediyinə görə, ordu da Azərbaycan cəmiyyətinin bir hissəsidir və cəmiyyət inkişaf etdikcə, ordu da inkişaf edəcək.

Z.Əsgərov bildirib ki, nə qədər Azərbaycan dövləti var, islahatlar aparılacaq, ordu inkişaf edəcək:

“Orduya ictimai nəzarətə gəlincə, bunun bir forması da medianın nəzarətidir. Jurnalistlərin bu sahədə apardıqları və mətbuatda işıq üzü görən araşdırmalar var. Dövlət tərəfindən də bu sahədə işlər davamlı aparılır.

Bundan sonra da bu sahədə korrupsiyaya qarşı mübarizə çox mühüm yer tutur. Bu sahədə ölkə rəhbərliyinin siyasi iradəsi də ortadadır. Korrupsiya ilə mübarizənin administrativ, profilaktik yolları var. Mən əminəm ki, zaman keçdikcə bu məsələlərin kökü kəsiləcək.

Digər tərəfdən, bu sahədə qanunvericilik kifayət qədər yetərlidir. Ancaq insanlar özü də düşünməlidir ki, bu cür yollara getmək, bu cür işlərlə məşğul olmaq olmaz. Çünki bu cür əməllər əvvəl-axır ifşa olunacaq.

Ona görə insanların özlərində də daxili vicdan oyanmalıdır ki, bu cür işlərlə məşğul olmasınlar. O insanların ki, vicdanı yoxdur, dövlət, hüquq-mühafizə orqanları öz sözlərini deyəcək”.

www.oxu.az