“Beynəlxalq erməni terroruna qarşı yeni strateji model”…
“Beynəlxalq erməni terroruna qarşı yeni strateji model”.
Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA İnsan Hüquqları İnstitutunun, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin müəllifi olduğu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə V.Səmədov açıb.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Xocalı soyqırımına siyasi qiymət Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verilib. O, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlərdən danışıb. Ə.Həsənov 2013-cü ildə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ciddi addımlar atıldığını qeyd edib. O, Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində son 5 ildə görülən işlərin böyük əhəmiyyət daşıdığını, dünya ölkələrinin 90 faizində artıq Xocalı soyqırımı barədə məlumat olduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri kitabın hazırlanmasında rolu olan hər kəsə təşəkkür edib.
Ə.Həsənov kitabın ingilis və rus dillərində tərcümələrinin hazırlanması barədə tapşırıq verib:
“Çünki əsas məsələ bu faciə barədə məlumatların beynəlxalq aləmə çatdırılmasıdır. Xocalı soyqırımı baş verərkən orada çoxlu sayda xarici jurnalistlər, QHT təmsilçiləri olub və onların yazıları, fikirləri dərc olunub. Bu faciənin törədilməsində Xankəndidəki 366-cı motoatıcı alayın xüsusi rolu olub. Rusiyanın müdafiə naziri Pavel Qraçovun köməyi ilə hadisədən qabaq bu alayın 80 faizə qədəri erməniləşdirilib. Məsələn, alayın əks-kəşfiyyat şöbəsinin müdiri Vladimir Solovyov deyib ki, faciənin qarşısının alınması üçün heç bir iş görə bilməyib, rus zabiti kimi şərəflərini qoruya bilməyib, ləkələyiblər. O, yeganə olaraq hadisə barədə arayış yazaraq Kremlə göndərməyə gücünün çatdığını qeyd edib”.
Ə.Həsənov qeyd edib ki, 1993-cü ildə Sevan gölünün ətrafında PKK lideri Abdulla Öcalan, erməni yazıçısı Zori Balayan, Ermənistanın sabiq prezidenti Robert Köçəryan və Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan yeyib-içən zaman söhbət ediblər:
“Robert Köçəryan Abdulla Öcalana deyir ki, biz torpaqları qaytarmışıq, bu torpaqlar sizin və bizimdir. Abdulla Öcalan da deyir ki, bu torpaqlar ata-baba torpaqlarımızdır, bizim Rusiya və İran hərbçiləri ilə gözəl əməkdaşlığımız var. Dünya birliyi isə problemləri bu faşistlərlə üzbəüz həll etməyimizi istəyir”.