TQDK rəhbəri bəyanatla çıxış edib…
TQDK rəhbəri bəyanatla çıxış edib.
Gələn il qəbul imtahanlarında test tapşırıqlarının sayı ilə bağlı dəyişikliklər ediləcək.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır.
Onun sözlərinə görə, qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi gözlənilir. O qeyd edib ki, cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur.
Belə ki, I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, II qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq.
O həmçinin qeyd edib ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək. bu yeniliklə bağlı “Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaq.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Qəbul imtahanlarında hesablama, seçim, ardıcıllıq və uyğunluğu müəyyən etmək formalı 5 açıq tipli test tapşırığından istifadə edilir.