– Söhbətin bu yerində Azərbaycanın çox güclü strateji müttəfiqi olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar mövzusuna keçmək istəyirəm. Bəlkə də, təqdimatım bir qədər qəribə alındı. Riçard Morninqstar mövzusu… Və siz yanılmadınız, doğrudan da Azərbaycanda son zamanlar bir Morninqstar mövzusu var. Və Azərbaycan – Amerika münasibətlərinin formalaşmasında müstəsna rolu olan səfirliyin birincisinin bu gün ANS-in studiyasında olması bir sıra suallara ondan cavab almaq imkanlarımızı artırır və biz bu imkandan məmuniyyətlə istifadə edirik. Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfirini hətta bu günlərdə Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırmışdılar. Elə mən bundan da başlamaq istəyirəm.
Cənab səfir, siz Azərbaycanın daxili işlərinə niyə qarışırsınız?
– Güman edirəm ki, siz mənim sonuncu müsahibəmə istinad edirsiniz, o, çox diqqət cəlb etmişdi. Mən düşünmürəm ki, Azərbaycanın daxili işlərinə qarışmışam. Azərbaycan suveren və müstəqil bir dövlətdir. Azərbaycan müstəqil şəkildə öz qərarlarını qəbul edir və və biz ötən 23 il ərzində Azərbaycanın müstəqilliyini güclü şəkildə dəstəkləmişik. Kənardan heç bir qüvvə, heç bir oyunçu, o cümlədən biz, Azərbaycana nə etməli olduğunu deyə bilmərik. Bunu etmək ixtiyarı yalnız Azərbaycan hökumətində və Azərbaycan xalqındadır. Mənim niyyətim bu idi ki, hal-hazırda Azərbaycanın üzləşdiyi bir sıra məsələlərə öz fikirlərimi, baxışımı bildirim. Mən hesab edirəm ki, mən öz fikirlərimi ABŞ-ın balanslı siyasətinə uyğun şəkildə və ümumilikdə balanslı şəkildə bildirimişəm. Bəziləri mənim dediklərimlə razılaşdı, bəziləri razılaşmadı. Amma mən hər bir kəsin öz fikirlərini ifadə etmək hüququna hörmətlə yanaşıram. Və müsahibədən sonra həm Azərbaycan hökuməti daxilində, həm də vətəndaş cəmiyyətində doğru-düzgün müzakirələr hələ də davam etməkdədirsə, hesab edirəm ki, bu onu göstərir ki, bu müsahibəni verməyə dəyərdi. Mən Azərbaycanın uzunmüddətli dostuyam, bunu hər kəs bilir. Mən 19 ildir ki, Azərbaycana zaman-zaman fasilələrlə səfər etmişəm. Və bu ötən müddət ərzində mən Azərbaycanda bir sıra sahələr üzrə çox böyük irəliləyişin şahidi olmuşam. Mən tam əminəm ki, növbəti 20 ildə də bu irəliləyiş, tərəqqi davam edəcək. Hesab edirəm ki, mənim müsahibəmə bü cür reaksiyanın verilməsinin, göstərilməsinin əsas səbəbi bir çox mətbu orqanlar tərəfindən zəif, qeyri-münasib, yanlış tərcümədir.
Əlbəttə, burada söhbət ANS-dən getmir. Mən bu müsahibə ilə maraqlanan hər kəsi bizim səfirliyin veb-saytında yerləşdirilmiş müsahibənin tam stenoqramı ilə tanış olmağa çağırıram. Mən müsahibədəki məqamlara aydınlıq gətirmək üçün bir şeyi əlavə etmək istəyirəm. Mənim müsahibəmin yanlış yozumlarından birində belə deyilir ki, guya mən demişəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmazsa, müsbətə doğru dəyişməzsə, Maydan hadisələri Azərbaycanda da təkrar olunacaq. Mən bunu deməmişəm. Mənim müsahibədə dediyim sözlər bundan ibarətdir: “ Vətəndaş cəmiyyətinə qarşı çox sərt mövqe tuturlarsa, vətəndaş cəmiyyətinə nəfəs almağa imkan yaradılmazsa, onda, ola bilsin ki, bunun xoşagəlməz nəticələri ola bilsin”. Bir daha müsahibəmdəki sitata qayıtmaq istəyirəm: “ Bu gün baş verməzsə, əgər vətəndaş cəmiyyəti həddindən artıq sıxılarsa, azadlıqdan məhrum edilərsə, 5 il, 10 il və ya 20 il sonra bu dediyim xoşagəlməz nəticənin baş vermə riski var”. Mən keçmişdə də dəfələrlə, bu kimi, buna oxşar fikirlər ifadə etmişəm. Hətta Maydan hadisələri baş verməsə belə, mən eyni fikirləri səsləndirərdim. Başqa sözlə desək, Azərbaycanın gələcək inkişafını və sabitliyini təşviq etmək üçün vətəndaş cəmiyyətinin çiçəklənməsinə və inkişaf etməsinə şərait yaratmaq lazımdır. Yenə də kimlərsə də, bax, bu fikirlə də razılaşmaya bilər. Və hər kəsin öz fikrini ifadə etməyə haqqı-hüququ var. Amma mən həmən müsahibədə dediyim sözlərin, fikirlərin arxasında dururam.
– Yəni təhrif olunmamış versiyasının üzərində?
– Bəli, mən həqiqətən nə sözləri demişəmsə, o sözlərin arxasında dururam və məhz buna görə də, hamını, maraqlanan kəsləri həmin müsahibənin stenoqramı ilə tam şəkildə tanış olmağa çağırıram. Bununla tanış olan hər kəs görə bilər ki, doğrudan da çox balanslı fikirlərdir.
– Cənab səfir, balans demişkən, bu müsahibədən sonra elə ABŞ-ın apardığı siyasətin özündə balansın olmadığı barədə fikirlər səslənməyə başladı. Məsələn, belə məlumatlar yayıldı ki, niyə Birləşmiş Ştatlar Krıma daha çox diqqət yetirir, nəinki Qarabağa? Niyə Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya tətbiq etməyin tərəfindədir və bunu ən ciddi şəkildə tələb edir, amma eyni hadisənin müəllifi olan Ermənistana Qarabağla bağlı bu sanksiyalar tətbiq olunmur? Ümumiyyətlə, Azərbaycanda balans mövzusuna çox həssas yanaşırlar. Necə olur ki, Liviya ilə qətnamənin icrasına bir neçə dəqiqə kifayət edir, amma BMT-nin Dağlıq Qarabağ və Azərbaycanla bağlı qətnamələri var ki, 22 ildir kağız üzərində qalıb və heç bir nəticə yoxdur. Yaxud Yuqoslaviyada Birləşmiş Ştatlar sülhməramlı əməliyyat üçün heç BMT-nin mandatını belə gözləmədi, bu addımı atdı. Azərbaycanla bağlı məsələlərdə isə bu, faktiki olaraq, kağız üzərində qalır. Ümumiyyətlə, Birləşmiş Ştatlar sözdən işə heç cür keçə bilmir ki, bilmir. Bütün bu ittihamlara, Sizə, yəni Birləşmiş Ştatlara edilən iradlara münasibətiniz necədir?
– Sizin möqeyinizi başa düşürəm. Bəli, Sizin dedikləriniz fikirləri başa düşürəm, anlayıram. Hələ də həllini gözləyən bu münaqişə ilə bağlı Azərbaycan xalqının məyusluğunu anlayıram. Mən nəinki səfir olandan, hətta 1990-cı illərdən Azərbaycana səfər etməyə başlayandan bəri məcburi köçkün ailələri ilə görüşmüşəm. Bu insanların öz doğma evlərindən bu qədər uzun müddət ayrı qalmalarının nə qədər ağrılı hiss olduğunu anlayıram. Biz hələ də belə hesab edirik ki, bu münaqişənin nizamlanmasının ən yaxşı yolu Minsk qrupu prosesi vasitəsi ilədir. Hesab edirəm ki, biz ötən aylarda bu proseslə bağlı kifayət qədər fəal olmuşuq. Biz birbaşa və açıq şəkildə bəyan etmişik ki, işğal edilmiş 7 rayon Azərbaycana qaytarılmalıdır və münaqişənin həlli yalnız bu şərtlə mümkündür. Bu 7 rayondan əlavə, Dağlıq Qarabağın özünə gəldikdə isə, bizim mövqeyimiz və fikirlərimiz bundan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusu ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi əsasında danışıqlar vasitəsi ilə müəyyən olunmalıdır. Biz danışıqlar yolu ilə məsələnin həll edilməsi üçün hər iki tərəflə danışıqlar aparırıq. Biz ümid edirik ki, prezidentlər keçən payız verdikləri vədə əməl edərək yenidən görüşəcəklər və hər iki prezident konkret həllə nail olmaq üçün konkret addımlar atacaqlar. Biz hər iki ölkənin xalqlarını sülhün gətirəcəyi faydalar barədə düşünməyə çağırırıq. Bunu hal-hazırda təmas xəttində baş verən faciəvi hallarla, eyni zamanda hazırkı durğunluq və çıxılmaz dalan vəziyyəti ilə müqayisə etməyə və sülhün üstünlüklərini görməyə çağırırıq.
/Bizim yol/