Mərkəzi Bank: Azərbaycanda POS-terminallardan istifadə daha kütləvi xarakter daşımalıdır

Azərbaycanda POS-terminallardan istifadə daha kütləvi xarakter daşımalıdır. Bunu cümə günü Trend-ə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib…

Azərbaycanda POS-terminallardan istifadə daha kütləvi xarakter daşımalıdır. Bunu cümə günü Trend-ə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 33 mindən çox POS-terminal quraşdırılıb. Bu istiqamərdə addımların səmərəliliyinin göstəricisi təkcə qurğuların sayı deyil, həm də onların vasitəsilə aparılan əməliyyatların həcmidir: “Buna görə də Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə işlər də bu terminallardan kütləvi istifadənin artırılmasına yönəldilməlidir “.

A.Quliyev qeyd edib ki, POS-terminalların quraşdırılması üzrə işləri şaxələndirmək lazımdır: “Terminalların yayılmasını ləngidən faktorlardan biri qurğuların qiymətidir. Bazara mobil POS-terminallar kimi daha müasir və innovativ qurğular çıxarılır. Belə terminalların tətbiqi gələcəkdə aktual məsələ olacaq. Hesab edirəm ki, kommersiya bankları bunun üzərində iş aparmalıdır, çünki belə qurğular daha sərfəli olacaq “.

O vurğulayıb ki, 2015-ci ilin əvvəlinədək ölkənin bütün ərazisi POS-terminallarla əhatə olunmalıdır.

 

Trend.az