Millət vəkili tədris müddətinin artırılması qərarına etiraz etdi

“Hələ də heyrət içindəyəm”…

“Hələ də heyrət içindəyəm”.

Millət vəkili Fazil Mustafa sosial şəbəkədə Təhsil Nazirliyinin yeni təklifinə etiraz edib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa Facebook səhifəsində Təhsil Nazirliyinin tədris müddətinin artırılması ilə bağlı yeni təklifinin düşünülmədən irəli sürüldüyünü bildirib.

Deputat Fazil Mustafa təhsil nazirinin müavini Ceyhun Bayramovun ötən gün tədris müddətinin uzadılması ilə bağlı söylədiyi fikirləri bu cür dəyərləndirib:

“Hələ də heyrət içindəyəm: görəsən, Azərbaycanda rəsmi strukturlarda hansısa qərar qəbul etməzdən öncə ciddi düşünüb-müzakirə edirlərmi? Təhsil Nazirliyi qərara alıb ki, 3 həftə dərs müddətini uzatsın, yəni iyun ayında dərslər davam etsin. Halbuki neçə illərdir təklif edirik ki, dərslər sentyabrın 1-də başlasa, əlavə müddəti uzatmağa gərək qalmaz. İki həftə buradan qazanırsan, bir həftə də mənasız bayram günlərinin hərəsindən bir günü qatırsan dərs müddətinə, olur əlavə 3 həftə. Beləliklə, iyun ayının istisində şagirdi məktəbə göndərməyə də ehtiyac qalmır”.

Xatırladaq ki, təhsil nazirinin müavini Ceyhun Bayramov ötən gün mətbuata açıqlamasında bu il tədris müddətinin ötən il olduğu kimi planlaşdırılmış vaxtda bitəcəyini bildirib.

Nazir müavini onu da qeyd edib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə bağlıdır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz.

www.oxu.az