Məlahət İbrahimqızı: Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər…
Məlahət İbrahimqızı: Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər
“ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur “.
Milli.Az xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
ATƏT-in Minsk qrupunu mənasız bir qurum hesab edən M.İbrahimqızı bildirib ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Onun sözlərinə görə, həmsədr dövlətlərin təmsilçiləri vaxtaşırı olaraq yenisi ilə əvəz olunur və onlar da sələfləri kimi bölgəyə turist səfərləri etməklə məşğuldurlar.
“Həmsədrlərin bölgəyə son səfərlərindən sonra verdikləri bəyanat da təxminən əvvəlki bəyənatlarının təkrarıdır. Bütün bunlara görə Azərbaycan xalqının onlara inamı yoxdur. Əslində, həmsədrlər öz mövqelərini beynəlxalq hüquq müstəvisində ifadə etməli, işğala məruz qalanla işğalçının arasında fərq qoymalıdırlar. Əks halda, onların verdikləri bəyanatı oxuyan hansısa xarici ölkə vətəndaşları əslində, münaqişənin mahiyyəti haqda heç nə anlaya bilməzlər. Nə qədər ki, həmsədrlər münaqişə tərəflərinə eyni cür yanaşacaq, Ermənistanın işğalına son qoyulması ilə bağlı heç bir irəliləyiş olmayacaq. Amma Azərbaycan xalqı da Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını, torpaqlarımızın azad olunmasını istəyir. Bütün ümidlərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətədir. Xalqımız bu siyasətə inanır və güvənir. Bu siyasət nəticəsində Azərbaycanın gündən-günə güclənməsi, Ermənistanın isə səfalət vəziyyətə düşməsi Qarabağ probleminin həllinin açarı olacaq “, – deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Milli.Az