Millət vəkili: “Xocalı cinayətkarları ədalət qarşısında mütləq cavab verəcəklər” AÇIQLAMA

“Bu qan yerdə qalmayacaq, Xocalı faciəsinin caniləri etdikləri əməllərə görə, mütləq ədalət məhkəməsi qarşısında cavab verəcəklər”…

“Bu qan yerdə qalmayacaq, Xocalı faciəsinin caniləri etdikləri əməllərə görə, mütləq ədalət məhkəməsi qarşısında cavab verəcəklər”. Bu sözləri SİA-ya “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

 

Onun sözlərinə görə, faciə ilə bağlı işə beynəlxalq tribunalarda da baxıla bilər: “Lakin onların fəaliyyəti siyasi qərar əsasında həyata keçirilə bilər. Siyasi qərarın verilməsinə isə ikili standart həyata keçirən ölkələr imkan vermirlər. Ölkəmizdə hərbi prokurorluq var. Ölkə başçısının tapşırığına əsasən uzun müddətdir ki, həm Xocalı, həm Qaradağlı və digər faciələr hərbi prokurorluqda yaradılan xüsusi qrup tərəfindən araşdırılır. Xocalı faciəsi yüz faiz sübut olunan hadisədir. Ona görə ki, faciə ilə bağlı kifayət qədər fotoşəkil, çəkiliş, orada ziyan çəkən və əzalarını itirən insanlar, ümumilikdə faciəni əyani sübut edən faktlar, şahidlər var. Faciə ilə bağlı yerli hüquqşünaslar tərəfindən cinayət işi qaldırılıb. Bu işi başa çatdırmaq üçün həmin yerə getmək, istintaqı başa çatdırmaq lazımdır. Lakin bizim ora getmək imkanımız olmadığından cinayət işi açıq qalıb. Amma işlər bununla bitmir. Biz hərtərəfli mübarizə aparır, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlimizdən gələni edirik”.

 

Müharibə canilərinin bu gün Ermənistanda böyük vəzifə tutduqlarını dilə gətirən millət vəkili söyləyib ki, bu faktları sübut etmək üçün ölkəmizin əlində kifayət qədər sübut və faktlar var: “Vaxtı çatanda bunlar aradan qaldırılacaq. Vaxtilə bunların həyata keçməsi üçün heç bir imkanımız olmayıb. Ona görə ki, arxasız, dayaqsız olmuşuq. Əgər o zaman ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə imkan versəydilər, bu faciələrin heç biri olmayacaqdı. Sübut üçün Naxçıvanı göstərə bilərik. Naxçıvan yeganə bölgə oldu ki, bütün generallar yığışaraq silah sursatı təhvil verərək, çıxıb getdilər. O zaman bizim cəbhəçilər isə düşmənin istəyinə uyğun addım atdılar. Onların biganəliyi nəticəsində xalqımız bu bəlaları yaşamaq məcburiyyətində qaldı. Amma bu hadisələr belə qalmayacaq. Hadisələrin zamana ehtiyacı var. Ölkə başçısının rəhbərliyi ilə bu istiqamətdə hər tərəfli işlər görülməkdədir. Vaxtı çatanda canilər öz cəzasına mütləq çatacaq, etdiklərinə görə cavab verməli olacaqlar”.

/Sia/