“Bəzi media orqanları tərəfindən Türkiyədə “nurçular “ın lideri kimi tanınan Fətullah Gülənin Azərbaycanda tərəfdarlarının olması məsələsi gündəmə gətirilir…
“Bəzi media orqanları tərəfindən Türkiyədə “nurçular “ın lideri kimi tanınan Fətullah Gülənin Azərbaycanda tərəfdarlarının olması məsələsi gündəmə gətirilir. Bu, bəzi qüvvələr tərəfindən süni şəkildə qabardılır və böhtandan başqa bir şey deyil “. Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc bildirib.
Zahid Oruc qeyd edib ki, millət vəkillərinin adlarının “nurçular “la əlaqələndirilməsinin heç bir əsası yoxdur: “Mətbuatın iddiasına görə, Azərbaycan parlamentində 20-yə yaxın millət vəkili Fətullah Gülənin “hizmət hərəkatı ” ilə əlaqəlidir. Onlar qara mühasibatlıqda və ya kimlərdənsə maliyyə almaqda ittiham olunur. Bu süni məsələni bəzi qüvvələr media vasitəsilə Azərbaycanın daxilinə keçirmək istəyirlər. Adları “Gülən camaatı ” ilə əlaqələndirilən millət vəkillərinin əksəriyyəti bu gün təhsil sektorundadır. Onların da təhsil verməkdən başqa iddiaları yoxdur. Həmin şəxslərin adını çəkmədən bildirmək istəyirəm ki, bu məsələ süni şəkidə ortaya atılıb və heç bir əsası yoxdur “.
Məsələyə münasibətini açıqlayan spiker Oqtay Əsədov Zahid Oruca iradını bildirib: “Ay hörmətli Zahid müəllim! Siz özünüz bu məsələnin süni və şər olduğunu bildirirsiz, amma hər zaman süni və şər hesab etdiyiniz məsələləri parlamentin gündəliyinə gətirməyə çalışırsız. Bu, düzgün deyil. Ümumiyyətlə, bu məsələnin parlamentdə danışılması düzgün deyil “.
/Trend/