“Miqrasiya” analitik informasiya jurnalının yeni buraxılışı işıq üzü görüb

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya” analitik informasiya jurnalının yeni – 21-ci buraxılışı işıq üzü görüb.

AZƏRTAC DMX-nin saytına istinadla xəbər verir ki, jurnalın yeni tərtibatda dərc olunan növbəti nömrəsində miqrasiya ilə bağlı müxtəlif məsələlərə, o cümlədən qurumun fəaliyyətindəki yeniliklər, miqrasiya ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyində edilmiş dəyişikliklər, “MigAz” tətbiqinin üstünlükləri və digər aktual mövzulara həsr olunan məqalələr yer alıb.

Nəşrdə, həmçinin DMX-nin 919 – Çağrı Mərkəzinin iş prinsipi, bölgələrdə xidmətin təşkili, o cümlədən yeni istifadəyə verilən miqrasiya bölmələri, regional miqrasiya idarələrinin fəaliyyəti, qanunsuz miqrasiyaya qarşı mübarizənin uğurla aparılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də vətəndaş cəmiyyəti və özəl sektorla işbirliyinin dərinləşdirilməsi, könüllülərlə iş və s. məsələlərə də geniş yer ayrılıb.

Jurnalda miqrasiya prosesləri, Azərbaycanda və dünyada miqrasiya sahəsində baş verənlər barədə də ətraflı məlumat verilib.

AZƏRTAC