ABŞ-ın ATƏT Minsk Qrupuna həmsədr qismində Ceyms Uorliki təyin etməsi bəzi ümidlər yaratmışdı. Əfqanıstan və Bolqarıstanda işləmiş bu diplomat Qafqaz regionunun ümumilikdə əhəmiyyətini daha çox anlamalı idi və məntiqlə Cənubi Qafqazda geosiyasi sabitliyin qorunması istiqamətində prosesləri daha da sürətləndirməli idi. Eləcə də Cənubi Qafqazda Qərbin ümumi maraqları prizmasından kimin kim olduğunu da detallı şəkildə bilməli idi.
Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, digər həmsədrlərdən fərqli olaraq C.Uorlikin arxasında ABŞ prezidentinin dəstəyi də var: “C.Uorlikin aktivliyi göz qabağındadır. Ümumilikdə Dağlıq Qarabağ tənzimlənməsində istənilən aktivlik Azərbaycanın xeyrinədir. C.Uorlikin də bu günkü aktivliyi sonda Azərbaycanın xeyrinə çevrilə bilər. Amma əvvəlcə bu aktivlik Dağlıq Qarabağ tənzimlənməsinə və ABŞ diplomatiyasına Uorlikin özünü tanıtmalıdır “.
M.Əhmədoğlunun sözlərinə görə, C.Uorlikin bütün bəyanatlarında Dağlıq Qarabağ tənzimlənməsinə obyektiv yanaşma yoxdur.
Politoloq qeyd edib ki, ABŞ Dövlət Departamenti bir neçə dəfə C.Uorlikin səhvlərini düzəltsə də sonradan Uorlik bu səhvlərini davam etdirib və maraqlıdır ki, onun bütün səhvləri ermənilərin xeyrinədir:
“Amerikalı həmsədrin “twitter “dəki mikrobloqu erməni və azərbaycanlı ekspertlərinin bəzən qızğın mübahisə məkanına çevrilir. Lakin C.Uorlik bu qızğın polemikalardan həqiqəti öyrənmək istəmir. Mikrobloqunda retvit etdiyi bəzi məqalələrdən başa düşmək olur ki, C.Uorlikin psixikasında problem var. Bu psixi problemin anadangəlmə və ya sonradan qazanılmış olması bizə bəlli deyil. C.Uorlikin düşüncəsində ABŞ diplomatiyasına qarşı inkarçılıq, bəlkə də nifrət özünü aydın göstərir. Uorlik son “twit “lərinin birində münaqişə tərəfləri kimi Azərbaycanı və Dağlıq Qarabağı göstərdi. ABŞ Dövlət Departamenti ənənəvi illik hesabatlarında Ermənistan-Azərbaycan münaqişəsinə ciddi yanaşma nümayiş etdirir: erməni separatçıları Ermənistanın köməyi ilə Azərbaycanın Dağlıq Qarabağını və daha 7 rayonunun ərazisini nəzarətdə saxlayırlar. ABŞ-ın işğal terminini işlətməməsinin səbəbi aydındır. İşğal terminini rəsmən işlədən kimi məsələ BMT TŞ-yə qalxmalı və Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir “.
M.Əhmədoğlu qeyd edib ki, ABŞ Dövlət Departamenti amerikalı həmsədr C.Uorlik üçün rəhbər qurumdur: “C.Uorlik ABŞ Dövlət Departamentinin rəsmi işçisidir. Maraqlıdır, C.Uorlikdə ABŞ Dövlət Departamentinə qarşı getmək cəsarətinin mənbəyi haradadır?! Bəlkə mənbə kimi ABŞ-ın Ermənistandakı keçmiş səfiri Mari Yovanoviçi müəyyənləşdirək?! İndi xanım M.Yovanoviç ABŞ Dövlət Departamentində Cənubi Qafqaz məsələlərinin kuratorudur. Milliyyətcə serb olan bu qadının antitürk ehtirası ABŞ-ın Qafqaz maraqlarını qat-qat üstələyib. Hər-halda Ermənistanda səfir işlədiyi dövrdə bu belə idi “.
Politoloq əlavə edib ki, Amerikalı həmsədr C.Uorlik yaxınlarda Moskvaya səfər etdi, ATƏT Minsk Qrupunun keçmiş rusiyalı sədri Vladimir Kazimirovla görüşüb ondan məsləhət aldı: “V.Kazimirov ATƏT MQ-yə sədr olduğu dövrdə qərəzli, ermənipərəst mövqedə idi. ATƏT MQ-nin sədrlikdən həmsədrlik formatına keçməsi bunun sübutudur. İndinin özündə də V.Kazimirov yalnız ermənipərəst şərhlər və bəyanatlar verir. C.Uorlikin məsləhətləşməsi üçün daha mötəbər diplomatlar mövcuddur. Amerikalı həmsədr Stiven Mənn Ermənistanda səfir işlədikdən sonra Qafqaz və Mərkəzi Asiya regionu üzrə enerji məsələlərində ABŞ-ın siyasətinin kuratoru oldu. Sonradan ATƏT MQ-yə həmsədr təyin olundu. Bu vəzifədə müddəti başa çatdıqdan sonra ABŞ-ın Xəzər dənizi üzrə xüsusi nümayəndəsi vəzifəsini yerinə yetirdi. Qafqaz və Mərkəzi Asiya regionunu əla bilir “.
Politoloqun sözlərinə görə, Rudolf Perina ABŞ-ın Ukrayna və Rusiyadakı səfirliklərində işlədikdən sonra Moldovaya səfir təyin edildi: “Dnestryanı münaqişəni əla bilir. Cənubi Osetiya müharibəsi soyumamış ABŞ onu həmin regiona ezam etmişdi. Moldovada səfirlik müddəti başa çatdıqdan sonra R.Perina ATƏT MQ-yə həmsədr təyin edildi. MDB-nin Avropa hissəsini, o cümlədən münaqişəli regionları əla bilir. ABŞ-ın daha bir həmsədri- Metyu Brayza bütün Qərbdə Qafqaz üzrə 3-5 yaxşı mütəxəssisdən biridir. Dağlıq Qarabağ tənzimlənməsində vacib sənədlərin hazırlanmasında şəxsən iştirak edib. M.Brayza hal-hazırda da ABŞ-ın aktiv siyasi fəaliyyət göstərən diplomatlarından biridir. S.Mənn və R.Perina salamatdırlar. Ən azı mətbuatda onların ölməsi barədə məlumat yoxdur “.
M.Əhmədoğlıu vurğulayıb ki, C.Uorlikin S.Mənn, R.Perina və M.Brayzanın məsləhətlərinə ehtiyac görməyib, V.Kazimirovun məsləhətlərini zərurətə çevriməsi şübhə yaratmalıdır.
Politoloqun fikrincə, C.Uorlikin ABŞ diplomatiyasına etinasızlıq nümayiş etdirməsi və bu sayğısızlığı Krım hadisələrinin qızğın dövründə də davam etdirməsi ciddi siqnaldır: “ABŞ diplomatiyası Snouden effektini yaratdı. C.Uorlik və onun ətrafındakı bir qrup diplomat təxminən E.Snoudenin düşüncəsinə malikdir. Rusiyanın amerikalı həmsədr C.Uorliki satın alıb-almayacağını dəqiq deyə bilmərik. Amma bildiyimiz odur ki, C.Uorlik ermənilərə satılmaq niyyətindədir “.
M.Əhmədoğlu hesab edir ki, C.Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar Azərbaycana qarşıaçıq-aşkar hədədir: “Biz onun mövqeyinə qarşı dözümsüzlük nümayiş etdirməliyik. Ola bilər, rəsmilərimizin C.Uorliklə görüşdən imtina etmələri barədə düşünməsi hədsiz faydalıdır. Mümkünsə, C.Uorlik “persona non qrata ” elan edilməlidir. ABŞ C.Uorliki digər diplomatları ilə əvəzləməli və C.Uorlik Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, Ermənistanın işğalçı dövlət olması barədə bəyanat verməlidir. Yalnız bunlardan sonra amerikalı həmsədr Azərbaycan rəsmiləri ilə təmasda ola bilər “.
/Trend/