Mübariz Qurbanlı: Azərbaycanda yəhudi ilə müsəlman bir yerdə çay içir

“Bakıda erməni kilsəsi qalmaqda davam edir”…

“Bakıda erməni kilsəsi qalmaqda davam edir”.

Təklif edirəm ki, ATƏT hər il ən tolerant şəhər müsabiqəsi keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq. 

Oxu.Az AzNews.Az-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə bir təkliflə Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

Onun sözlərinə görə, bu gün dünyada din amili mühüm rol oynayır:

“Əslində bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırır. Amma bəzən bundan sui-istifadə edilir. Ona görə bu gün tolerantlığı təşviq etmək ən mühüm çağırışlardan biridir”.

M.Qurbanlı qeyd edib ki, hazırda dünyanın 30 ölkəsində müxtəlif zəmində müharibə və toqquşmalar davam edir. Onların 12-si dini zəmində baş verir:

“Dini tolerantlıq dedikdə bu yalnız dinlərarası yox, dinlər daxili məsələyə də aid edilməlidir. Dinlər daxilində radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslam dininə aid edilməməlidir. Bu, özünü xristianlıq, buddizimdə də göstərir”.

Dövlət Komitəsinin sədri buna dünyanın müxtəlif yerlərində olan münaqişələri nümunə göstərib.

Ona görə də, M.Qurbanlının fikrincə, tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır:

“Biz kiçilən dünyada tolerantlığı daha geniş təşviq etməliyik. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvinlə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparırlar”. (Trend)

www.oxu.az