Müdafiə Nazirliyi: Nə üçün snayperlər təmas xəttindən çəkilməlidir?

“Ohanyanın bəyanatı verilən xəbərin doğruluğunu bir daha təsdiq edir”…

“Ohanyanın bəyanatı verilən xəbərin doğruluğunu bir daha təsdiq edir”.

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin snayperlərin cəbhə xəttindən çəkilməsi ilə bağlı səsləndirdiyi iddialara cavab verib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, snayperlərin qoşunların təmas xəttindən çəkilməsi ideyası yalnız erməni düşüncəsinin icad etdiyi çürük bir məhsuludur.

“Təəssüflər olsun ki, bu ideyaya uyan  beynəlxalq təşkilatlar və qurumlar da vardır.

Sual olunur: “Nə üçün məhz snayperlər təmas xəttindən çəkilməlidir?” Bəs digər hərbi elementlər – hərbi texnikalar, minaatanlar, qumbaraatanlar və sair.

Fərz edək ki, belə bir anlaşma olarsa, onun icrasına necə nəzarət ediləcəkdir? Kim zəmanət verə bilər ki, uşaqları, qadınları, ahılları, heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri atəşə tutan, daim xain xisləti ilə seçilən erməni tərəfi bu dəfə razılaşmanı yerinə yetirəcəkdir?

Yeganə çıxış yolu beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır”.

Nazirlik həmçinin erməni müdafiə naziri Seyran Ohanyanın KTMT-nin Qarabağ münaqişəsinə cəlb olunması barədə bəyanatını da cavabsız qoymayıb:

“Əvvəllər də Ermənistan təxribat əməlləri ilə digər dövlətləri, o cümlədən beynəlxalq təşkilatları özlərinə dəstək olmaları üçün dəfələrlə münaqişəyə cəlb etməyə cəhd göstərib.

S.Ohanyan cəbhədəki vəziyyətlə bağlı münaqişəyə hansısa təşkilatların diqqətini çəkmək üçün nə qədər çalışsa da o, bu işin mümkünsüzlüyünü anladığından xalqını autotreninq üsulu ilə sakitləşdirməyə çalışır.

Ona görə də S.Ohanyanın bu fikirlərini iltihaba məruz qalan xəstə təxəyyülün növbəti imdad çığırtısı kimi dəyərləndirmək olar.

Çünki Azərbaycan Silahlı Qüvvələri isə işğal olunmuş ərazilərin tam və birdəfəlik azad olunması hüququna malikdir”.

Seyran Ohanyanın bu gün Qarabağ səmasında vurulmuş hərbi helikopterlə bağlı açıqlamasına münasibət bildirən Azərbaycan MN Seyran Ohanyanın etirafının bu aviasiya vasitəsinin Ermənistanın Hərbi Hava Qüvvələrinə aid olduğunu bir daha təsdiqlədiyini bəyan edib:

“S.Ohanyan insidentlə bağlı səlahiyyətli şəxslərin cəzalandırıldığını, vəzifələrindən azad edilənlərin olduğunu, o cümlədən helikopterin müəyyən olunmuş kursdan kənara çıxdığını etiraf etməklə hadisədən dərhal sonra guya helikopterin Ermənistana deyil işğalçı rejimə aid olması ilə bağlı səsləndirilən fikirləri tamam alt-üst edib.

Ermənistan müdafiə nazirinin bu bəyanatı Azərbaycan tərəfinin helikopterin hansı ölkəyə mənsub olması, kimlər tərəfindən idarə edilməsi və Silahlı Qüvvələrimizin mövqelərinə hücum etməsi ilə bağlı verilən xəbərin doğruluğunu bir daha təsdiq edir”.

www.oxu.az