Müdafiə Nazirliyindən erməni əsir ilə bağlı – AÇIQLAMA

“Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən növbəti şoudur”…

“Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən növbəti şoudur”.

Azərbaycan Müdafiə Nazirliyi avqustda Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın İrəvana geri qayıtması ilə bağlı Ermənistan KİV-lərində yayılan məlumata münasibət bildirib.

Oxu.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik bəyan edib ki, erməni KİV-ləri A. İnciqulyanın İrəvana qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq məlumatlar yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, A. İnciqulyan şüurlu surətdə döyüş postunu könüllü tərk edərək silahı ilə birlikdə Azərbaycan həbçilərinə təslim olduqdan sonra ona qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Ermənistana geri qayıtmayacağını və üçüncü ölkədə yaşamaq istədiyini dəfələrlə bəyan edib:

“İkincisi, A. İnciqulyan Cenevrə Konvensiyasının tələbləri ona tətbiq edilmək şərtilə müəyyən olunmuş qaydada və müvafiq yerdə saxlanılıb, ona qarşı nə beynəlxalq, nə də insani qanunlara zidd olan hərəkətlər tətbiq edilməyib.

Üçüncüsü, o müvafiq beynəlxalq təşkilatların qayğısı ilə əhatə edilib, onunla bağlı həyata keçirilən bütün tədbirlər həmin təşkilatların nəzarəti altında icra olunub.

Dördüncüsü, A. İnciqulyan və onunla bir yerdə saxlanılan digər 5 nəfər Ermənistan vətəndaşından ibarət ailənin Ermənistana geri qaytarılması barədə rəsmi Bakının dəfələrlə və təkidlə beynəlxalq təşkilatlar, o cümlədən, erməni tərəfi qarşısında məsələ qaldırmasına baxmayaraq, hər dəfə rəsmi İrəvanın hərbi-siyasi rejimi öz vətəndaşlarına qarşı etinasızlıq nümayiş etdirərək onların taleyinə biganə münasibət sərgiləyib. Bu səbəbdən də hazırda Azərbaycanda saxlanılan ermənilər Ermənistandan imtina edərək üçüncü ölkədə sığınacaq tapmaq niyyətindədirlər.

Beşincisi, erməni mətbuatının yaydığı şəkillərdə gümrah və sağlam A. İnciqulyanla guya “ona qarşı Azərbaycanda təzyiqlərin və işgəncələrin verilməsi” fikri arasında uyğunsuzluğu açıq aydın görünür və bu ermənilərin növbəti uydurması kimi qiymətləndirilməlidir.

Altıncısı, beynəlxalq təşkilatın himayəsi altında olan və bu kimi şəxslər barədə konfidensial hesab edilən məlumatların, konkret olaraq hansı ölkəyə verilməsi kimi informasiyanın gizli saxlanılması tələb olunsa da, bu barədə məlumatın Ermənistan tərəfinə ötürülməsi də xeyli şübhə doğuran məqamlardandır.

Sonuncusu və ən əsası isə şübhəsiz ki, A. İnciqulyanın yerini müəyyənləşdirən, bu məqsədlə kriminal qruplaşmalarla sıx əlaqədə olan erməni diasporunun xidmətlərindən istifadə edən Ermənistan tərəfi, onun ailə üzvlərinə və yaxınlarına təzyiq göstərməklə, İrəvana guya könüllü olaraq geri qayıtdığını deməyə məcbur ediblər”.

Müdafiə Nazirliyi bir daha bildirir ki, A. İnciqulyanın İrəvan aeroportunda əvvəlcədən hazırlanmış formada təmtəraqlı qarşılanması, Azərbaycana qarşı nifrət, Ermənistana isə məhəbbət dolu müsahibəsi, bu prosedurların erməni kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, onun yenidən orduya qayıdaraq xidmətinin qalan hissəsinin də çəkilməsi kimi gülünc təşəbbüslə çıxış etməsi eyni mərkəzdən, özü də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən və həyata keçirilən növbəti şoudur.

www.oxu.az