Nəqliyyat Nazirliyi: Bakı-Tiflis-Qars dəmir yolu vaxtında istismara veriləcək

“Ermənilər və başqaları orada çox təxribatlar törətməyə çalışdılar”…

“Ermənilər və başqaları orada çox təxribatlar törətməyə çalışdılar”.

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi bütün hallarda 2015-ci ilin sonunda istifadəyə veriləcək. BTQ layihəsi üzrə Koordinasiya Şurası fəaliyyət göstərir və hər üç ölkənin nazirləri hər il bir araya toplanır.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov layihənin gecikməsi ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, BTQ dəmir yolu layihəsində müəyyən ləngimələr əsasən relyefə görə baş verib: “Məsələn, qış vaxtı dağ şəraitində işləmək olmurdu. Bundan başqa, layihəyə tunellərin qazılması, stansiya tikilməsi və s kimi müəyyən əlavələr oldu. Bu səbəblərdən qrafikdə geriləmə baş verdi”.

Ötən ilin dekabr ayında sınaq qatarının da buraxıldığını xatırladan N.Həsənov qeyd edib ki, ilin sonunda layihə istifadəyə veriləcək.

“Baxmayaraq, ermənilər və başqaları orada çox təxribatlar törətməyə çalışdılar, amma biz işimizi davam etdirəcəyik və layihə vaxtında istismara veriləcək”, – deyə N.Həsənov bildirib.

Qeyd edək ki, Bakı-Tiflis-Qars layihəsi  üzrə Axalkələk – Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 km olan yolun tikintisi başa çatıb və hazırda burada tamamlanma işləri aparılır. Türkiyə-Gürcüstan sərhədində inşa edilən 4,4 km-lik tunelin Türkiyə ərazisində 2,3 km-i, Gürcüstan ərazisində isə 1,1 km-i qazılıb və bu işlər davam etdirilir.   

www.oxu.az