Şəhidlərin xatirəsi yad edildi.
Azərbaycanın Nəqliyyat Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
Nazirlikdə anım mərasimi Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Nəqliyyat Nazirinin müavini cənab Musa Pənahov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş hadisədən danışıb, Ermənistanın təcavüzkar hərəkətlərini və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığını xatırladıb.
Nazir müavini qeyd edib ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi, məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Tədbirdə daha sonra hadisələrin xronologiyası və mahiyyəti dəqiq arqumentlər və faktlar əsasında tədbir iştirakçılarının nəzərinə çatdırılıb və qeyd edilib ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il təkcə ümumxalq hüzn kimi yox, həm də milli qürur günü kimi qeyd edilir.