“Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar”…
“Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar”.
NATO sammiti çərçivəsində Uelsdə prezidentlər səviyyəsində keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkəsinin hansı istiqamətdə iş aparmalı olduğunu öyrənmək istəyirdi.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov XİN-də moldovalı həmkarı Natalia Germanla keçirdiyi birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, görüşdə böyük sülh sazişinin layihəsi üzrə işin başlanmasının vaxtının çatdığı bildirilib:
“Azərbaycanın mövqeyi belədir ki, görüş xətrinə görüş olmamalı və konkret məsələlər müzakirəyə çıxarılmalıdır. Ən böyük problem Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğudur. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Onların işğal edilmiş ərazilərdə qalması təhlükəlidir və Azərbaycan bununla heç vaxt razılaşmayacaq”.
Nazirin sözlərinə görə, ABŞ konkret təklif edib ki, böyük sülh sazişi üzərində iş aparılsın:
“Güman ki, bu ay ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik regiona səfər edəcək və Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək”.