Nazirlik: Bizim “SMERÇ”lər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir

“Ordumuzda böyük məhvetmə gücünə malik müasir silahlar var”…

“Ordumuzda böyük məhvetmə gücünə malik müasir silahlar var”.

Ermənistanın müdafiə nazirinin Azərbaycanın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər onun dilindən dəfələrlə eşidilib və növbəti ritorikadan başqa bir şey deyil. Onun söylədikləri yalnız daxili auditoriyaya, erməni ictimaiyyətinə ünvanlanmış bir çıxış kimi qiymətləndirilməlidir.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ötən gün Ermənistan parlamentindəki çıxışında səsləndirdiyi fikrilərə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı müdafiə, zərurət olduğu halda əks-hücum tədbirləri görməyi təklif edir: 

“Ermənistan tərəfi həmişə olduğu kimi, müxtəlif provokasiyalar törədərək Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır, öz bəd əməllərini gizlətmək məqsədilə yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş qismində müraciət edir. Məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, daim atəşkəs rejimini pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd-təsərrüfatı sahələrinə zərər yetirir. Düşmən təxribatının əsas hədəflərindən biri də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasıdır. Ancaq onlar bilməlidir ki, Naxçıvanın təhlükəsizliyi dövlət rəhbərliyinin diqqət mərkəzindədir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları və artilleriya qurğuları vardır. Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş “Smerç” raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir”.

 

/OXU.AZ/