Nazirlik Mübarizin nəşini vətənə gətirən hərbçimizin müalicəsini öz üzərinə götürdü

“Ordan Türkiyəyə göndəriləcək”…

“Ordan Türkiyəyə göndəriləcək”.

Sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün Osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən əziyyət çəkən baş leytenant İlkin Quliyev Türkiyəyə müalicəyə göndəriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı AZXEBER.COM-a İlkin Quliyevin ailə üzvləri verib. 

İlkinin həyat yoldaşı bu gün Səhiyyə Nazirliyinin məsul şəxslərindən biri ilə görüşdüklərini və onlara İlkinin müalicəsinin Türkiyədə alacağına söz verdiklərini bildirib:

“Bu gün Səhiyyə Nazirliyinin məsul şəxslərindən biri bizi qəbul etdi. Sabah təcili yardım avtomobili göndəriləcək və İlkin Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Klinik Xəstəxanasına qaldırılacaq. Ordan isə müalicəsini davam etdirmək üçün nazirlik tərəfindən Türkiyəyə göndəriləcək”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də məlumat verərkən İlkinin müalicəsi üçün nazirlik tərəfindən bütün lazımi işlərin görüldüyünü deyib.

“Artıq nazirlik tərəfindən bütün araşdırmalar aparılıb və İlkin Quliyevin müalicəsi üçün bütün lazımi işlər görüləcək”.

Xatırladaq ki, bir neçə gün bundan öncə qaydasız döyüş üzrə Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titulların sahibi, 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə “nokaut” edərək qələbəyə imza atan Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun baş leytenantı İlkin Quliyevin səhhətinin ağır olması ilə bağlı reportaj hazırlamışdı.

Onu da əlavə edək ki, İlkin 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbçilərdən biri olub.

 

/oxu.az/