Novruz Məmmədov: Bu çox möhtəşəm, tarixi səfər idi

“Bu görüş regionun inkişafı üçün 2015-ci ildə bir başlanğıc oldu”…

“Bu görüş regionun inkişafı üçün 2015-ci ildə bir başlanğıc oldu”.

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm, tarixi səfər idi. Forma və məzmun etibarilə təkcə iki ölkə münasibətlərində yox, beynəlxalq münasibətlərdə özünə yer tutan səfər oldu.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, səfər zamanı iki ölkə münasibətlərinin 2020-ci ilə qədər inkişaf istiqamətlərinin müəyyən edilməsi istiqamətində çox mühüm addımlar atılıb: “Bu, prezident İlham Əliyevin 2015-ci ildə ilk rəsmi səfəri idi. Hətta Avropa və Qərb mətbuatında da səfərə xüsusi diqqət yetirildi, bunun da səbəbi var, çünki dünya narahat dünyadır”.

N. Məmmədovun fikrincə, dünyadakı bu gərginlik müəyyən dövlətlərin geosiyasi maraqlarını əsas götürərək atdığı addımlarla bağlıdır: “Bu görüş regionun inkişafı üçün 2015-ci ildə bir başlanğıc oldu, Qərb mətbuatında da belə dəyərləndirilir. Səfərə zamanı 2020-ci ilə qədər və ondan sonrakı dövrdə münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıldı. Elə bir sahə olmadı ki, o sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə diqqət yetirilməsin. Enerji, iqtisadi əməkdaşlıq, turizm, infrastruktur layihələri, mədəniyyət və xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi yer verildi. Düşünürəm ki, iki ölkə arasında əməkdaşlıq daha geniş vüsət alacaq. Prezident İlham Əliyev də dedi ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki dövlət tapmaq çətindir. Bunu ölkələrin, ölkə rəhbərlərinin və xalqlarının maraqlarının üst-üstə düşməsi şərtləndirir”.
 
N. Məmmədov xatırladıb ki, səfər zamanı Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib: “Adətən Azərbaycan və Türkiyə prezidentləri ildə iki dəfə görüşürlər, bu il isə belə görüşlərin sayı dörd ola bilər. Türkiyə prezidenti Azərbaycan prezidenti İlham Əliyevi “G20” sammitinə dəvət edib. Türkiyə sammitə başqa bir dövləti dəvət edə bilərdi, lakin məhz Azərbaycanı dəvət etdi”.

Administrasiya rəhbərinin müavini Azərbaycan prezidentinin aprelin 24-də Çanaqqala savaşının 100 illiyinə həsr olunmuş tədbirə də dəvət edildiyini söyləyib: “Bu tədbirə bir çox böyük dövlətin rəhbəri də qatılacaq”.

www.oxu.az