Qazaxıstanla Azərbaycan arasında hər il yüksək səviyyədə qarşılıqlı səfərləri təşkil edilir…
Qazaxıstanla Azərbaycan arasında hər il yüksək səviyyədə qarşılıqlı səfərləri təşkil edilir.
Ötən il Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 mln. dollar təşkil edib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Qazaxıstanın ölkəmizdəki səfiri Amangəldi Jumabayev deyib.
O bildirib ki, müvafiq göstərici bu il artmayacaq.
2014-cü ildə Azərbaycan ərazisi ilə əsasən dəmir yolu vasitəsi ilə 3,5 mln. ton neftin daşındığını deyən diplomat qeyd edib ki, 2016-cı ildə “Kaşaqan” yatağının istismarına start verildikdən sonra Bakı-Tiflis-Ceyhan boru xətti ilə neft nəqlinin həcmi artacaq. Səfir həmçinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin vacibliyini önə çəkərək bu xəttin yükdaşımaların həcminin artırılmasına kömək edəcəyini vurğulayıb.
A. Jumabayev son 1,5 il ərzində Azərbaycanla Qazaxıstan arasında aviareyslərin sayının artdığını da qeyd edib.
Qazaxıstanın Avrasiya İttifaqındakı üzvlüyünə gəldikdə isə səfir bunun digər ölkələrlə münasibətlərə müsbət təsir edəcəyini bildirib: “Qazaxıstan bazarına çıxış əldə etmiş ölkənin Rusiya və Belarus bazarlarına çıxışı olacaq”.
Avrasiya İttifaqı haqqında sazişin 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyini deyən A. Jumabayev bunun Qazaxıstanın öz xarici siyasətindən imtina edəcəyi anlamına gəlmədiyini vurğulayıb: “Bu ittifaqın yaradılması bizə digər ölkələrlə münasibətlərdə yeni səviyyəyə çıxmağa imkan verəcək. Həmçinin iqtisadiyyata yeni təkan verəcək”.
Qazaxıstanla Azərbaycan arasındakı siyasi dialoqa gəldikdə isə səfir qeyd edib ki, tərəflər hər il yüksək səviyyədə qarşılıqlı səfərləri təşkil etməyə çalışırlar. Diplomat bildirib ki, 2015-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri planlaşdırılır.