Ombudsman illik hesabatında bəzi təkliflər irəli sürüb.
APA-nın məlumatına görə, parlamentin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyində salınmış Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiyyəti ilə bağlı Miqrasiya Məcəlləsinə əlavə edilməsi təklif olunur.
Təklifə əsasən, vətəndaşlar barəsində məlumatların məhdudiyyət siyahılarına daxil edildiyi və ya həmin məlumatların aktiv statusunun dəyişdirildiyi hər bir halda müvafiq vətəndaşlara bu barədə ən qısa müddətdə, lakin 24 saatdan gec olmayaraq bildiriş göndərilməlidir.
Ombudsman məhkəmə qərarlarına əsasən borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənişlərin təmin edilməsini, əmək müqaviləsi bağlanılmadan işə cəlb etmə hallarının və qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlər (müəssisələr) tərəfindən işçilərə görə ödənilən sosial ödəniş faizinin aşağı salınmasını, ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təminat sisteminin yaradılmasını və bununla bağlı zəruri mexanizmlərin hazırlanmasını təklif edib.
Eyni zamanda “Məzun evi” Sosial Müəssisəsinə yerləşdirmədə şəffaflığın təmin edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş siyahıların, o cümlədən məzunlara həmin müəssisədə yaşayış sahəsinin verilməsi və ya yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə qəbul edilmiş qərarların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi İnternet səhifəsində yerləşdirilməsi də təklif olunub.
Təkliflər sırasında yeni doğulmuş uşaqların sərbəst hərəkət hüququnun pozulmasının qarşısının alınması və doğum haqqında şəhadətnamələrin qanunla müəyyən edilmiş vaxtda alınmasının təmin edilməsi məqsədi ilə respublikanın bütün kənd və qəsəbə xəstəxanalarının xidmət etdikləri ərazidə doğulan uşaqlara tibbi sənədin vaxtında verilə bilməsi üçün bu müəssisələrin elektron imza kartı ilə təmin edilməsi, hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və digər xəstələr xüsusilə diqqətə alınaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi və real ehtiyaclara uyğun genişləndirilməsi (xəstəliklər üzrə çeşidlərin artırılması, nadir təsadüf edilən xəstəliklər üzrə dərman preparatlarının əlavə edilməsi), bəzi psixiatriya müəssisələrinin binalarının yenidən qurulması və ya əsaslı təmir edilməsi, müvafiq avadanlıqlarla təchiz olunması, qida və dərman təminatı, habelə həkim-mütəxəssis və orta tibb işçilərinin sayının artırılması, sosial müdafiəsinin gücləndirilməsi, uşaq və gənclərin psixi sağlamlığının inkişafını özündə əks etdirən məqsədli proqramların hazırlanması və psixoloji reabilitasiya tədbirlərinin genişləndirilməsi, zorakılığın bütün növlərinə, o cümlədən cinsi və məişət zorakılığına qarşı mübarizənin və sağlam həyat tərzinin təbliği ilə bağlı keyfiyyətli sosial çarxların hazırlanması da var.
Ombudsman məktəbəhazırlıq qrupuna və orta məktəblərin birinci sinfinə qəbul zamanı yaşayış yerindən asılı olmayaraq, bütün uşaqlar üçün bərabər seçim hüququnun və imkanlarının təmin edilməsini, orta məktəblərdə mövcud psixoloji ştatların şagird sayına uyğun artırılmasını, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsini, orta məktəblərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi və ibtidai hərbi hazırlıq dərslərinin səmərəsinin artırılması məqsədilə məktəblərin əyani vəsait və avadanlıqlarla təmin edilməsini, regionlarda hələ də qəzalı vəziyyətdə olan məktəblərin, uşaq bağçaları və körpələr evlərinin yenidən qurulmasını və ya əsaslı təmir edilməsi üzrə fəaliyyətin davam etdirilməsini, onların müasir avadanlıqlarla təchiz edilməsini, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsini vacib sayıb.
Təkliflər arasında mənzilə real ehtiyacı olan güzəştli qrupa daxil olan şəxslərin sosial mənzil əldə etməsində imkanların artırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan sosial mənzillərin yalnız güzəştli ipoteka krediti vasitəsi ilə satılması və kredit ödənişinin Ən azı 60 ay (5 il) müəyyən edilməsi, ayrı-ayrı ərazilərdə baş vermiş təbii fəlakətlər nəticəsində ziyan çəkmiş, lakin müxtəlif səbəblərdən qeydiyyata alınmamış və bərpası üzrə tədbirlər görülməmiş fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət büdcəsindən müvafiq vəsaitin ayrılması, məcburi köçkünlərin məcburən məskunlaşdıqları ev, obyekt və mənzillərdən çıxarılması, habelə bununla bağlı məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədi ilə onların məcburi köçkünlər üçün tikilmiş və ya başqa binalara köçürülməsinin sürətləndirilməsi, zorakılıq qurbanı olmuş qadınlar üçün regional sığınacaqların sayının ehtiyaca uyğun artırılması, əlilliyi olan şəxslər üçün tələbata uyğun sayda ictimai nəqliyyat vasitələrinin alınmasının davam etdirilməsi, məhkumların islah olunması, maddi ehtiyaclarının, habelə aliment və başqa borclarının ödənilməsi və ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsalat sahələrinin yaradılması, həqiqi hərbi xidmətdə olan, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılması da yer alıb.
APA