Ordumuzun daha bir irimiqyaslı təlimi başa çatdı

Döyüş atışları icra olunub…

Döyüş atışları icra olunub.

Azərbaycan Hərbi Dəniz Qüvvәləri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə noyabrın 13-də başlamış birgə əməliyyat-taktiki təlimləri başa çatıb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, təlimin birinci mərhələsində Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri tam döyüşə hazır vəziyyətə gətirilərək gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxıblar və əsas baza məntəqəsinin mühafizə və müdafiəsinin təşkilini müvəffəqiyyətlə icra ediblər. Əlavə olaraq şəxsi heyət və silahlarla komplektləşdirmə tədbirləri də başa çatdırılıb.

İkinci mərhələdə Hərbi Dəniz Qüvvələrinin qərargahında Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əlaqədə dəniz sərhədlərinin, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektlərinin mühafizə və müdafiəsi üzrə əməliyyatların planlaşdırılması həyata keçirilib, Hərbi Dəniz Qüvvələrinin gəmi, hissə və bölmələrinə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.

Üçüncü mərhələdə isə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin dəstəyi ilə düşmən gəmilərinin və terror-diversiya qruplarının məhv edilməsi üzrə təlim-döyüş tapşırıqları yerinə yetirilib. Təlimlərə cəlb olunan bütün növ qüvvə və vasitələrdən döyüş atışları icra olunub. Aktiv faza zamanı terrorçular tərəfindən ələ keçirilən bazanın məhv edilməsi, suüstü gəminin və heyət üzvlərinin azad edilməsi, boru kəmərinin monitorinqi, terrorçular tərəfindən ələ keçirilən neft özülünün azad edilməsi, Xəzər dənizinin əməliyyat zonasına daxil olan düşmən gəmilərinin məhv edilməsi kimi tapşırıqlar icra edilib.

 

/Oxu.az/