“Monetı i kupyurı mira” təkzib yazısı dərc etdi…
“Monetı i kupyurı mira” təkzib yazısı dərc etdi.
“Aşşet kolleksiya” nəşriyyat evi tərəfindən həftədə bir dəfə dərc olunan və əsasən MDB məkanında satılan, kolleksiyaçılar üçün nəzərdə tutulan “Monetı i kupyurı mira” jurnalının 85-ci sayında qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı silsilə məqalələr dərc olunub.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, məqalələrdə separatçı rejimlə bağlı həqiqəti əks etdirməyən qərəzli məlumatlar yer alıb, Oxu.Az xəbər verir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalın baş redaktoruna məktub göndərərək bildirib ki, nəşrin 85-ci buraxılışında dərc olunan məqalələr qərəzlidir və tarixi faktlar kobud şəkildə təhrif edilir. Məktubda Rusiyanın “Kütləvi informasiya vasitələri haqqında” qanununun 43-cü maddəsinə əsasən məqalə ilə əlaqədar təkzib verilməsi xahiş olunub.
“Monetı i kupyurı mira” jurnalının bu ay çap olunan növbəti buraxılışında həmin məqalələrlə əlaqədar təkzib dərc edilib. Təkzibdə jurnalın yalnız numizmatlar üçün nəzərdə tutulduğu, onun redaksiyasının heç bir halda siyasi fikir və qərəzli mövqe nümayiş etdirmək niyyətinin olmadığı vurğulanıb.