“Biz bu məsələyə baxmalıyıq”…
“Biz bu məsələyə baxmalıyıq”.
Bu il görüləcək işlərlə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət İnvestisiya Proqramı qəbul edilmişdir. Kifayət qədər geniş həcmli proqramdır. Əminəm ki, proqram icra ediləcək və beləliklə, 2015-ci il də Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq.
Bütün planlarımızı həyata keçirmək üçün ilk növbədə, ölkədə makroiqtisadi vəziyyət sabit olmalıdır. Bu istiqamətdə böyük işlər aparılmışdır. Uzun illər makroiqtisadi vəziyyət diqqət mərkəzindədir. Bizim göstəricilərimiz də çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz olmuş, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artmışdır.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
İlham Əliyev milli valyutanın hazırkı vəziyyətindən də danışıb:
“Qeyd etdiyim kimi, manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır”.
Prezident bunun sosial məsələlərin həlli üçün bu, müsbət amil olduğunu vurğulayıb:
“Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək”.
İlham Əliyev qeyd edib ki, ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir
“Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.