Qərbi Azərbaycan Qarabağın azad olmasını istəyir

“Biz birgə yaşamalıyıq”…

“Biz birgə yaşamalıyıq”.

Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət bəyan edib ki, İran aqressiyanın istənilən təzahürünə qarşıdır və Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olmasını istəyir, Oxu.Az novosti.az-a istinadən xəbər verir.

“Biz aqressiyanı alqışlamırıq. Biz insanların sürgün edilməsini və aqressiyanın istənilən formasını qınayırıq. Qarabağın azad edilməsi və onun Azərbaycanın sərhədləri daxilinə qaytarılması bizim arzumuzdur. Biz insanların öz evlərinə qayıtmalarını istəyirik”, – Q.Səadət İranın Urmiya şəhərində azərbaycanlı jurnalistlər ilə görüşdə bəyan edib.

Dağlıq Qarabağ münaqişəsinin İrana necə təsir etdiyi barədə suala cavab verərkən Q.Səadət bildirib:

“Azərbaycan və Ermənistan arasında mövcud gərginlik İranı da narahat edir. Heç bir qonşu digər iki qonşusunun müharibə etməsini istəməzdi”.

“Biz Naxçıvanın Şərur rayonunda olmuşuq, orada məscid tikdirmək istəyirdik. Biz tikinti işlərinə yenicə başlamışdıq ki, Ermənistan bizi toplardan atəşə tutdu. Mərmi bizim adamlardan birini yaraladı. Mən özüm orada olmuşam”, – o qeyd edib.

Valinin sözlərinə görə, İran Səddam Hüseynin zülmündən qaçan kürdlərin ağır şəraitinin şahidi olub.

“Biz qaçqınlara neçə çətin olduğunu görürük. Biz onların vəziyyətini anlayırıq, belə ki, Səddamdan qaçan 580 min kürdün çətinliklərinin şahidi olmuşuq”, – o qeyd edib.

Onun fikrinə görə, Bakı və İrəvan problemi həll etməlidirlər, Tehran bu işdə mütləq öz dostlarına yardım etməlidir.

“Azərbaycan və Ermənistan bu məsələni həll etməlidirlər. Amma təəssüf ki, bu proses uzanır. Bizim dövlət bu istiqamətdə mümkün olan hər şeyi etməlidir, tədbir görməlidir. Biz ocağa yağ tökməməliyik, əksinə, onu söndürməyə çalışmalıyıq. Bizim mövqemiz – biz qonşuyuq, biz bərabər yaşamalıyıq”, – Q.Səadət bəyan edib.

www.oxu.az