Qanunvericilk tələblərini pozan 18 əcnəbi aşkarlanıb

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 18 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilib. Belə ki, muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 18 əcnəbi aşkarlanaraq barələrində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay Xidmətə daxil olan 647 müraciətin 127-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 520 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 246-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib, fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri həyata keçirilib.

AZƏRTAC