Ankaradakı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı, politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Ankara-Bakı-Moskva yaxınlaşması və bunun Dağlıq Qarabağ münaqişəsinə təsirini şərh edib…
Ankaradakı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı, politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Ankara-Bakı-Moskva yaxınlaşması və bunun Dağlıq Qarabağ münaqişəsinə təsirini şərh edib.
– Hasan bəy, Rusiya prezidenti Vladimir Putin Ankaraya səfər etdi və bunun fonunda Ankara-Bakı-Moskva yaxınlaşması haqda fikirlər səsləndirilir. Siz bu yaxınlaşmanı necə dəyərləndirirsiniz?
– Putinin Ankara səfəri haqqında bir çox ehtimallar irəli sürüldü. Xüsusilə, Ukrayna böhranından sonra tək qalan Putin bölgədə özünə müttəfiq axtarmaq üçün Türkiyəyə səfər etmişdi. Ukrayna böhranı və bunun ardınca Rusiyaya qarşı irəli sürülən embarqo Putini çətinliyə saldığı üçün o, Ərdoğanın yanından Qərbə mesaj verdi. İqtisadi embarqoları İran və Türkiyə vasitəsilə həll etmək istəyən Putin Türkiyəyə satdığı təbii qazın qiymətini endirməklə Ankaraya daha da yaxınlaşmaq istəyir. Türkiyə-Rusiya yaxınlaşması istər-istəməz bəzi proseslərə də səbəb olacaq. Bu proseslərin başında Azərbaycan durur. Rusiya ilə Türkiyənin quracağı yaxşı münasibətlər Bakıya da çox fayda verəcək. Bakı bu prosesdən güclənərək çıxa bilər.
– Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa formada təsir edə bilərmi?
– Dağlıq Qarabağ problemi rusların çarlıq dönəmində başlayıb SSRİ-nin vaxtında artaraq davam edən və Federasiya zamanında savaş böhranına çevrilən bir məsələdir. Ruslara bölgədə siyasi mənzərənin dəyişdiyini və bunu görə bilmədikləri, Qarabağı əllərində saxlamağa çalışdıqları təqdirdə Rusiyanı itirə biləcəyini xatırlatmaq lazımdır. Bu mənada Rusiya artıq soyuq savaşın bitdiyini anlamalı və Türkiyə ilə Azərbaycanın bölgədə güc birliyi yaratması fonunda meydana gələcək proseslərin gedişatından Moskvanın zərər görməməsi üçün bunu öz lehinə çevirməlidir. Belə olacağı təqdirdə, bölgədə proseslərin inkişafı rusların xeyrinə ola bilər. Rusiya-Türkiyə-Azərbaycan bloku təkrarolunmaz bir güc deməkdir.
– Belə ola biləcəyi təqdirdə, Rusiya de-fakto idarə etdiyi Ermənistanı Azərbaycanın işğal edilmiş torpaqlarından çıxararmı?
– Ermənistan bölgədə varlığını qorumaq üçün Qarabağ münaqişəsi mütləq bir formada həll olunmalıdır. Bu həll üç variantda ola bilər. Ya Qarabağ ayrıca respublika olacaq. Halbuki bunu dünyada heç bir dövlət tanımır və bölgədə Qarabağın müstəqil olması ehtimalı heç sıfıra bərabər də deyil. Ya Ermənistanın tərkibinə qatılacaq. Lakin bunu həm Ermənistan büdcəsi qaldıra bilməz, həm də Azərbaycan qəti şəkildə buna imkan verməz.
/Publika/