Qaribaşvili: Gürcüstan və Ermənistan dost ölkələrdir

“Cari il iki ölkə arasında əlaqələrin fəal dinamikası ilə fərqlənir”…

“Cari il iki ölkə arasında əlaqələrin fəal dinamikası ilə fərqlənir”.

Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil edilməsi və Gürcüstan ilə Aİ ilə assosiasiya barədə sazişin bağlanması iki ölkə arasında münasibətlərə təsir etməyəcək.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Ermənistanın hökumət başçısı Ovik Abramyan ilə bərabər keçirdiyi brifinqdə bildirib.

“Baxmayaraq ki, yanvar ayından Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olacaq və Gürcüstan Aİ ilə assosiasiya barədə müqavilə imzalayıb, bu bizim münasibətlərə təsir etməyəcək. Əksinə, biz bunları ölkələrimizin rifahı üçün istifadə edəcəyik”, – Qaribaşvili bəyan edib.

İrəvan və Tbilisi onlar arasında mövcud olan ticarət rejiminin qorunması istiqamətində fəal şəkildə çalışırlar.

“Cari il Ermənistan və Gürcüstan əlaqələrinin fəal dinamikası ilə fərqlənir. Bugünkü görüş bir daha təsdiq etdi ki, Gürcüstan və Ermənistan dost ölkə kimi qarşılıqlı münasibətləri inkişaf etdirmək niyyətindədirlər”, – gürcü siyasətçi vurğulayıb.

Ovik Abramyanın sözlərinə görə, görüşün gündəmi yetərincə geniş olub.

“Biz ticarət-iqtisadi əlaqələri, infrastrukturların inkişafı, nəqliyyat kommunikasiyalarının yaxşılaşdırılması, humanitar və mədəni əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə etdik”, – o deyib.

www.oxu.az