Qaz uğrunda mübarizə, və ya niyə bakılılar qışda üşüyür?

Ev sakinlərinə “bir azca da döz”məli olduqlarını söylədilər…

Ev sakinlərinə “bir azca da döz”məli olduqlarını söylədilər…

Uşaqlıq illərində məşhur bir şeir var idi: “Bizim evdə qaz var. Bəs sizdə?”. Deyəsən, indi bu şeir bakılılar üçün sakral məna daşımağa başlayıb. Axı, bir çox ailələr qazdan yalnız yemək bişirmək üçün deyil, həm də yaşayış yerlərini isitmək üçün istifadə edirlər. Beləliklə də onlar üçün qazın olmaması sadəcə soyuq mənzil deyil, həm də adi çimmək imkanından məhrum olmaq deməkdir.

Artıq soyuqlar düşər-düşməz Bakının bəzi rayon və qəsəbələrində qazın kəsilməsi ənənəyə çevrilib, buna o qədər alışılıb ki, bu mənzərəyə yerli sakinlər hətta köhnə adət üzrə ocaqda yemək bişirməyə başlamaq barədə zarafat da edirlər.

Redaksiyamıza Binəqədidə yaşayan sakinlərin birindən məktub daxil olub. Bu əhvalat lap Aqata Kristinin qələminə layiq sirlərlə dolu olduğu qədər, həm də məsuliyyətin orta və aşağı təbəqə məmurlar üçün heç də əsas keyfiyyətlərdən olmadığı bir cəmiyyətdə mümkündür.  

Deməli, belə iki həftəyə yaxın bir müddət ərzində: Binəqədi, 1-ci sahə, korpus 240 ünvanında gözlənilmədən qaz təchizatı dayandırılır. Sözün düzü, bu ünvanda yaşayan sakinlərin fəlsəfi yanaşmasına həsəd aparmaq olar: heç kim təəccüblənmədi. Onlar düz bir həftə təəccüblənməyib səbirlə gözlədilər.

Bir həftədən sonra kiminsə səbiri tükənir və Binəqədi qaz idarəsinə zəng edir, orda isə təmir işlərinin getdiyini və “bir azca da döz”mələrini söyləyiblər.  

Təmir gedirsə nə etmək olar? Qaz qurğularının və isitmə sistemlərinin məhz qış aylarında təmirinə bizim əhali çoxdan alışıb. Sözügedən evin sakinləri gözləməyə və ümid etməyə davam edirlər.  

Və onların səbiri mükafatlandırılır. Qaz verirlər – düz iki gün. Bu günlərinə şükür edən, Binəqədi rayon qaz idarəsinin ünvanına da alqış söyləyən sakinlər düz iki gün isti yeməkdən həzz alırlar və hətta isti su ilə yuyunmaq imkanı da əldə edirlər.

Amma necə deyərlər, yaxşı günlərin sonu tez gəlir. 240 saylı korpusda da qaz bitdi. Daha doğrusu, bitmədi, azaldı. Minimuma qədər azaldı. O qədər azaldı ki, bir qazan suyu qaynatmaq üçün ən azı 3 saat vaxt lazım olur. Hadisələrin belə dönüşündən qayğılanan sakinlər idarəyə, daha harada təmirin başlanmasına dair sualla müraciət edirlər.   

İdarədən gələn cavab hamını mat qoyur: Onlar Binəqədi qaz idarəsində nə baş verdiyini bilmədiklərini söylədilər. Sən demə, qazın artıb-azalmasına onlar cavabdehlik daşımırlar. Buna Məhəmməd cavabdehdir. Bu Məhəmməd də, nə Məhəmmədirsə heç kim onun nə vəzifəsini bilir, nə də soyadını.

Təbii ki, bu sirli adama zəng edib məlumat almaq mümkün olmadı.

İsti şorbanın dadına baxmağın onlar üçün xəyala çevrildiyini görən 240 saylı korpusun sakinləri mətbuatın yardımı ilə təşkilatların diqqətini bu problemə cəlb etməyə çalışırlar.

Ümid edirik ki, bu informasiya diqqətdən kənar qalmaz və Binəqədi rayon qaz idarəsi bu problemin həlli üçün tədbir görər.

 

www.oxu.az