“NATO çox ehtiyatlı hərəkət edir”…
“NATO çox ehtiyatlı hərəkət edir”.
Oxu.Az Milli Məclisin deputatı Rasim Musabəyovla müsahibəni təqdim edir:
– Ukraynadakı vəziyyət NATO-nun Uels Sammitinin əsas mövzusu oldu, amma dünya liderlərinin bu görüşünün nəticəsi olan deklarasiya birbaşa olaraq alyansın müttəfiqi olan Azərbaycana da toxundu. Ölkəmiz üçün Sammitin nəticələri nədən ibarətdir?
– Həqiqətən, NATO sammitində Rusiyanın müxtəlif aksiya və hərəkatları dəstəkləməyə yönəlmiş son hərəkətlərini neqativ qəbul ediblər. Bu yalnız Ukraynaya deyil, eləcə də Gürcüstan, Moldova və dolayı yolla Azərbaycana da aiddir. Bu postsovet ölkələri, o cümlədən də bizim ölkəmiz üçün hardasa müsbət haldır.
Sammitdə alyansın konsolidasiyalı mövqeyi kimi qəbul edilən yekun sənədində beynəlxalq hüquqa hörmət və dəstəyin vacib olmasının qeyd edilməsi də bizim üçün müsbət haldır. Dövlət sərhədlərinin məcburi dəyişdirilməsinin yolverilməz olmasına dair Helsinki aktı da bizim üçün müsbət haldır.
Bununla yanaşı NATO-nun qolunu çirmələyərək, postsovet məkanında çəkişmə və münaqişələri həll edəcəyinə dair illüziyalar da olmamalıdır. Belə illüziyalar onsuz da az idi, Sammitdən sonra isə tamamən yox oldu.
– Belə çıxır ki, Siz, Ukrayna hadisələrinin və bununla əlaqədar Rusiya üçün tətbiq edilən sanksiyaların, münaqişəli sahələrdə, əsasən də Qarabağda Qərbin vasitəçi rolunu aktivləşdirdiyini hesab edənlərdənsiniz?
– Bəli, amma əgər biz Qərbin sanksiyalarından danışırıqsa o zaman nəzərə almalıyıq ki, onları NATO yox Aİ tətbiq edir. NATO-nun nöqteyi-nəzərindən hərbi blok tərəfindən çox ehtiyatlı addımlarını görürük. Vaxtaşırı alyansın hərbi gəmiləri Qara dənizə daxil olurlar. Amma NATO-nun Ukraynadakı vəziyyətə birbaşa cəlb edilməsindən söhbət gedə bilməz.
Bu rol əsasən NATO-nun bəzi üzvlərinin, ilk növbədə Polşa və Baltikyanı ölklərin sakitləşdirilməsindən ibarətdir. Bura nato-infrastrukturu cəlb edilir. Bununla yanaşı alyansın Ukrayna hadisələrinə birbaşa cəlb edilməsini görmürük. Hətta silah çatdırılması belə olsa, bu alyansın deyil, ayr-ayrı ölkələrin qərarı olacaq.
– Azərbaycan Gürcüstanın aldığı NATO-nun xüsusi müttəfiqi statusuna ümid edə bilərmi?
– Bu suala cavab vermək üçün, digər suala cavab tapmaq lazımdır: bunun nəticəsində Azərbaycanın təhlükəsizliyi möhkəmlənəcəkmi?
Azərbaycan üçün birbaşa təhlükə, torpaqlarımızı işğal edən Ermənistandır. Tutaq ki, qərar qəbul etdik. Elə həmin an Rusiya və İranı özümüzə qarşı qaldıracağıq. NATO ilə isə kommunikasiya əlaqələrimiz yoxdur. Gürcüstanın isə kommunikasiya əlaqələri var.
– Bəs, bizi NATO üzvü olan Türkiyə ilə birləşdirən Naxçıvan?
– Bu, kiçik bir sərhəd parçasıdır. Elə Naxçıvan MR özü də Azərbaycanın əsas hissəsindən ayrıdır. Qara dənizə heç olmasa arada NATO hərbi gəmiləri daxil olur, bu Gürcüstana alyansın təhlükəsizlik təminatı olmasa da, ən azından Tbilisinin rəqibləri ehtiyatlı davranmağa başlayırlar. Bəs Xəzərə hərbi gəmiləri kim və necə çıxaracaq? Bizim ehtimal edilən düşmənlərimiz üçün 500 km-ə yaxın açıq sahil mövcuddur. Bütün bunlarla yanaşı paytaxt da dəniz kənarında yerləşir.
– Erməni hökumətinin rəhbərləri Sarkisyan Uelsdən qayıdan kimi NATO-nu yekun deklarasiyasında Qarabağa dair tezislərin əks olunmasına görə, tənqid etməyə başlayıblar. Necə düşünürsüz, Ermənistan prezidenti bu Sammitə niyə gedib? Axı onun iştirakçılarının tonallığı öncədən məlum idi. Sarkisyan doğrudanmı Sammitə məhz Azərbaycan prezidenti ilə görüşmək üçün getmişdi?
– O cümlədən onun üçün. Onların Fransa və ABŞ-ın yardımı ilə Qarabağ münaqişəsinin bu sənəddə digər münaqişələrdən ayırmaq ümidləri var idi. Onlar buna müvəffəq olmadılar. Ona görə də narazı şəkildə dodaqaltı danışırlar.
Digər tərəfdən, ermənilər Moskva qarşısında Ukraynaya qarşı Rusiyanın davranışının qınanıldığı Sammitdə iştirak etmələrinə dair özlərinə bəraət qazandırmalı idilər. Bu məqsədlə də onlar narazı olmadıqlarını bildiriblər. Əslində isə onların razı və ya narazı olması heç kimi maraqlandırmır. Bir daha vurğulayım ki, bu NATO-nun Sammiti idi.
Qalanlar müttəfiq qismində iştirak edirdilər, onların yekun sənədini korrektə etmə imkanları yox idi. Əks halda Rusiya açıq şəkildə Ermənistana antirusiya anlaşmalarına qarşı çıxmadıqlarına görə iddialarını təqdim edərdi. Amma Ermənistandan heç kim, heç nə soruşmur. O, hətta birbaşa ona aid olanları belə dəyişmək iqtidarında deyil.