Regionda sülhə və təhlükəsizliyə ən böyük təhdid Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan hərbi qüvvələrinin mövcudluğudur

Regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük təhdid Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya KİV-lərinə müsahibəsində bildirib…

Regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük təhdid Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya KİV-lərinə müsahibəsində bildirib. E.Məmmədyarov qeyd edib: “Qəti şəkildə inanırıq ki, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması münaqişənin sülh yolu ilə həlli üçün ən münasib variantdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə ilhaqçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcək “.

 

Nazir Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyinin aydın olduğunu və bunun beynəlxalq hüququn fundamental prinsipləri, BMT TŞ-nin dörd qətnaməsi, Helsinki Yekun Aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslandığını qeyd edib.

E.Məmmədyarov vurğulayıb: “Davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycanın ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqlarının təmin edilməsidir “. /Trend/