Rövnəq Abdullayev: SOCAR Türkiyənin ən böyük xarici investorudur

“TANAP regional inkişafa mühüm təsir göstərəcək”…

“TANAP regional inkişafa mühüm təsir göstərəcək”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin hazırda Türkiyənin ən böyük xarici investoru olduğunu nəzərə çatdıraraq bildirib ki, TANAP layihəsi, “STAR” neft emalı zavodunun inşası və “Petkim“ neft-kimya holdinqinin yenidənqurma layihələri Türkiyənin beynəlxalq enerji sənayesində önəminin daha da artmasında mühüm rol oynayacaq.

Öz növbəsində türkiyəli nazir SOCAR-ın operatorluğu ilə həyata keçirilən TANAP layihəsinin regional inkişafa mühüm təsir göstərəcəyini vurğulayıb.

“SOCAR-Türkiyə Enerji” şirkətinin rəhbəri Kənan Yavuz SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

www.oxu.az