Rusiyanın Sverdlovsk vilayəti Azərbaycana birgə müəssisə yaratmağı təklif edir

Rusiyanın Sverdlovsk vilayəti Azərbaycanda birgə istehsalatların işə salınmasında maraqlıdır…

Rusiyanın Sverdlovsk vilayəti Azərbaycanda birgə istehsalatların işə salınmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə vilayətin qubernatoru, Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri Yevgeni Kuyvaşev bildirib.

O, qeyd edib: “Əməkdaşlığımızın potensialı Bakıda keçirdiyimiz görüşlərdə müzakirə olunub “.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibi niyyətlərin ciddiliyindən xəbər verir.

Qubernator bildirib: “Qarşılıqlı münasibətlərin yeni səviyyəsinə keçməyin vaxtı çatıb. Söhbət artıq adi mal tədarükündən deyil, qarşılıqlı sərmayə yatırımlarından gedir. Biz Sverdlovsk vilayətində tanınan bütün sahələri maksimum təqdim etməyə çalışırıq “.

Y.Kuyvaşev deyib ki, əməkdaşlığın prioritet istiqamətləri arasında vaqonqayırma və neft-qaz sahələri fərqlənir: “Biz vaqonqayırma istehsalının və neft-qaz maşınqayırmasının yaradılmasına dair layihələr təqdim etmişik. Söhbət birgə müəssisələrin yaradılmasından, yəni Azərbaycan ərazisində istehsalata Rusiya sərmayələrinin qoyulmasından gedir “.

O, əlavə edib ki, hələlik hansısa layihələrin reallaşdırılmasının müddəti və dəyəri barədə danışmaq tezdir.

Sverdlovsk nümayəndə heyətinin səfəri çərçivəsində bu gün Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.

/Trend/