“Məqalə Avrasiyada dəyişən reallıqları az əks etdirir”…
“Məqalə Avrasiyada dəyişən reallıqları az əks etdirir”.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The New York Times” qəzetindəki məqaləsində bu mətbu orqanında daha əvvəl respublikada insan haqları ilə bağlı dərc edilən tənqidi fikirlərin əsassız olduğunu söyləyib.
Oxu.Az-ın məlumatına görə, E.Süleymanov qeyd edir ki, yanvarın 12-də dərc edilmiş məqalədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində Azərbaycanın verdiyi töhfələr ədalətli olaraq vurğulansa da, bu, Avrasiyada dəyişən reallıqları az əks etdirir.
“ABŞ-ın tərəfdaşları Vaşinqtona sizin sitat gətirdiyiniz WikiLeaks resursuna əsasən yoxsa Amerikanın ədalətə baxışlarının xarici baxşlardan fərqləndiyi ayrı-ayrı hadisələr prizmasından yanaşmalıdırlar? Əgər bu belədirsə, o zaman söhbət yalnız əks məhsuldar qarşılıqlı ittihamlar çərçivəsində qalır”, – deyə diplomat qeyd edib.
E.Süleymanovun sözlərinə görə, Amerika KİV-lərində gözlənilmədən başlamış Azərbaycan əleyhinə məqalələr dalğası öz mahiyyətini açıqlayır.
“Bunun əvəzinə diqqəti müsbət gündəliyə, Ermənistanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonları işğal etməsi nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə insanın humanitar ehtiyacları kimi real problemlərin həlli üzərində işə yönəltmək daha konstruktiv yanaşma olardı. Bu, əlbəttə, həm Amerikanın dəyərlərinə, həm də maraqlarına uyğundur”,- deyə o əlavə edib.