Şahin Mustafayev 2015-ci ildə görüləcək işlərdən danışdı

“650 milyon manat vəsait ayrılıb”…

“650 milyon manat vəsait ayrılıb”.

Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaqdır.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, hazırda parkda 3 rezident qeydiyyata alınıb, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir.

Şahin Mustafayev çıxışında qeyd edib ki, 2015-ci ildə sənaye məhəllələrinin təşkilinə başlanılacaq:

“Sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilib, qanunvericilik bazası formalaşdırılıb və cari ildə sənaye məhəllələrinin təşkilinə başlanılacaqdır”.

Nazir, həmçinin çıxışı zamanı Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlərdən də danışdı:

“Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir”- deyə, nazir qeyd edib.

Aqroparkların yaradılması məsələsinə toxunan nazir qeyd edib ki, bir neçə rayonlarda bu istiqamətdə baş plan hazırlanır:

“Hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır”.

Şahin Mustafayevin sözlərinə görə, gələcəkdə xarici ölkələrdə ixrac infrastrukturunun yaradılması məqsədilə bir çox ölkələrdə mərkəzlərin yaradılması perspektivləri araşdırılır:

“Xarici ölkələrdə ixrac infrastrukturunun yaradılması tapşırığına uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi bu il başa çatdırılacaqdır. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcəkdir”- deyə, nazir bildirdi.

www.oxu.az