Fransa Senatında Fransa-Qafqaz dostluq qrupunun, Xarici işlər, müdafiə və silahlı qüvvələr üzrə Komissiyanın üzvü, ölkənin keçmiş müdafiə və ədliyyə üzrə dövlət katibi, senator Jan-Mari Bokelin “Report“un Qərbi Avropa bürosuna müsahibəsi.
– Necə oldu ki, Senatda Fransa-Qafqaz dostluq qrupuna üzvü olmaq qərarına gəldiniz?
– Yeddi il əvvəl Azərbaycanın Fransadakı səfirliyi vasitəsilə bu ölkəyə ilk dəfə səfərim zamanı inkişaf edən və müasirləşən bir ölkəni, qonaqpərvər bir xalqı kəşf etdim. Biz tez bir zamanda Azərbaycan prezidenti və respublikanın birinci xanımı ilə əlaqə yaratdıq. Azərbaycanı mükəmməl olmayan, lakin olduqca maraqlı bir ölkə hesab etdiyim və regionda bu günədək “açıq yara“ olan Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması məsələsinə həssaslıqla yanaşdığım üçün Fransa Senatında Fransa-Qafqaz dostluq qrupuna və Fransada Azərbaycanın Dostları Assosiasiyasına üzv oldum. Azərbaycanın Fransadakı səfirliyi təkcə Parisdə öz missiyasını həyata keçirməklə kifayətlənməyərək bizim ölkənin şəhərləri, regionları və əyalətləri ilə daha dərin əlaqələr qurmaqda maraqlı olduğunu nümayiş etdirirdi. Müluz (Mulhouse) aqlomerasiyasının rəhbəri olduğum dövrdə bu əlaqələrin möhkəmlənməsində yaxından iştirak etmişəm. Bu əlaqələri dostluq xartiyaları ilə maddiləşdirmişik, universitetlər arasında, mədəniyyət sahəsində əlaqələr yaratmışıq, turizm salonlarında Azərbaycana həsr edilmiş guşələr təşkil etmişik. Mən Müluz şəhərinin meri olduğum zaman bizim şəhərimizlə Azərbaycanın Yevlax şəhəri arasında “Dostluq” xartiyası imzalamışıq. Bundan əlavə Alzasın Kolmar şəhəri ilə Azərbaycanın Şəki şəhəri arasında da “Dostluq” xartiyası imzalanıb. Azərbaycanın musiqi orkestri və rəqs ansanblları bizim regionun şəhərlərində konsertlər veriblər. Beləliklə, Azərbaycan ilə Fransa arasındakı əlaqələr yerli əhaliyə qədər gedib çıxan dərin və hərtərəfli münasibətlərdir. Hər iki tərəf üçün bütün bunlar maraqlı idi və beləliklə münasibətlərimiz saf və şəffaf təməl üzərində qurulub.
– Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Dağlıq Qarabağ münaqişəsi bu günədək öz həllini tapa bilməyib. Bu barədə nə düşünürsünüz?
– Mən çox arzu edirəm ki, Fransa Minsk Qrupunun həmsədri kimi öz rolunu yerinə yetirsin və Dağlıq Qarabağ münaqişəsi həqiqətən öz həllini tapsın. Fransada hər dəfə yeni prezident seçilərkən, bu məsələdə canfəşanlıq göstərir, iclas keçirir və siyasi fikirlərin ortaq məxrəcə yaxınlaşdığı zaman, son nəticədə münaqişə həll olunmamış qalır. Mən bina çox heyfislənirəm. Çünki, sülhün bərpa olunması üçün bütün lazımi elementlər var, razılıq mövcuddur, sadəcə siyasi qüvvələrin buna cavab vermələri qalır.
– Bəs buna nə mane olur?
– Bu mürəkkəb və bir çox elementlərin rol oynadığı çətin bir mövzuda heç kimə dərs vermək istəmirəm. Lakin onu demək istəyirəm ki, Fransada Ermənistanın dostları çoxdur. Mən özüm də Ermənistanın dostuyam, yəni demək istəyirəm ki, Ermənistan adlı ölkənin olduğuna şadam. Lakin hesab edirəm ki, Fransada Azərbaycanın da bir-neçə dostu olsa yaxşı olar. Azərbaycanı yalnız tənqid etməklə kifayətlənməməlidirlər. Axtaranda istənilən ölkədə tənqidə layiq məsələlər tapmaq olar. Yaxşı tərəfləri də görmək və qeyd etmək lazımdır. Xüsusilə, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məsuliyyət daşıyan bir ölkə kimi Ermənistasnla, hər iki tərəflə xüsusilə məsafə saxlamağı bacarmalıdır. Fransa bəzilərinin bizdən tələb etdiyi kimi sistematik olaraq tərəf saxlamamalıdır.
– Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bugünkü inkişafı barədə nə düşünürsünüz?
– Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyərək ölkələrimiz arasında ikitərəfli münasibətləri, xüsusilə iqtisadi əməkdaşlığımızı inkişaf etdirməliyik. Dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar Fransada çətin bir vəziyyət yaranıb ki, digər ölkələrlə əməkdaşlığa öz təsirini göstərir. Azərbaycanda bu sahədə problem yoxdur. Fransada neftin qiymətinin, vergilərin artırılması və digər elementlər birləşərək birlikdə problemlər yaradıb. Azərbaycan-Fransa arasında istər iqtisadi, istər siyasi, mədəni və digər sahələri əhatə edən əməkdaşlığımızı inkişaf etdirməkdə davam etməliyik. Hesab edirəm ki, Fransa prezidenti Emmanuel Makron Azərbaycana olan səfərini Qafqazın digər ölkələrindən, Gürcüstan və Ermənistandan ayırmaqda haqlı idi. Vaxtı gələndə Azərbaycana xüsusi səfər etməsi daha məqsədəuyğundur. Hesab edirəm ki, Emmanuel Makron Azərbaycana səfər edəcək, çünki, Fransa buna maraqlıdır. Bu səfəri təxirə salmaq üçün heç bir səbəb yoxdur. Bu da öz növbəsində Fransa ilə Azərbaycan arasında həm siyasi, iqtisadi və müdafiə sahəsində əməkdaşlığa vüsət verəcək, həm də Fransanın Minsk qrupunun həmsədri kimi öz rolunu oynamasında müsbət təsiri olacaq.
– Fransa şəhərləri ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın şəhərləri arasında imzalanan “dostluq xartiya”ları barədə nə düşünürsünüz?
– Mən vaxtı ilə Müluz aqlomerasiyasının prezidenti olduğum zamanı Azərbaycanın şəhərlərindən biri ilə dostluq xartiyası imzalamışam. Mən Azərbaycanın dostluyam. Əslində istənilən şəhər, hətta ən konflikktual yerlərlə belə dostluq xartiyaları imzalaya bilər. Bu qeyri-qanuni deyil. Bu bir siyasi seçimdir. Lakin mənim nəzərimdə Dağlıq Qarabağın şəhər yaxud kəndləri ilə belə dostluq xartiyaların imzalanmasını düzgün deyil. Çünki, bu zaman səfərlər, birgə bəyannamələr, bayraqlar vasitəsilə bu ərazinin tanınması kimi başa düşülə bilər ki, bu da düzgün deyil. Çünki, bu, ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Mən Azərbaycanın dostu kimi deyirəm ki, belə dostluq xartiyaları qeyri-qanuni deyil, lakin müəmmalıdır. Deyərdim ki, Qarabağ ərazisindəki şəhərlər ilə dostluq xartiyalarının imzalanması bir mübarizə üsuludur ki, bu da yuxarıda toxunduğum kimi diaspora məsələsinə gətirib çıxarır. Bir daha vurğulamaq istəyirəm ki, bu şəsxlər “malı-mala“ qatmamalıdırlar.
– Fransa mətbuatında Azərbaycana ünvanlanan tənqidi yazılara münasibətiniz necədir?
– Təbii ki, Fransa mətbuatı mənfi aspektlər üzərində diqqətini cəmləyərək, tərəqqi, cəmiyyət, bəzi azadlıqlar, qadınların cəmiyyətdəki yeri kimi müsbət məsələlərə toxunmur. Hesab edirəm ki, gərginlik səbəbindən də bu qüsurlar baş verə bilər. Bununla belə onları olduqları kimi qəbul etməmiz lazımdır. “Düz eləmirsiz“, “yaxşı eləmirsiz“ deməklə onları dəyişə bilməyəcəyik. Bir tərəfdən kommunikasiya ilə, onlara izah etməklə, digər tərəfdən isə, inkişafa ehtiyacı olan sahələri daha da təkmilləşdirməkdə bu məsələdə müsbət nəticələr əldə etmək mümkündür. Fransanın özünü heç demokratik adlandırmayan ölkələrlə, habelə Səudiyyə Ərəbistanı, Çin ilə əlaqələri var. Fransa bu qəbildən olan ölkələrlə də əməkdaşlıq edir. Bu ölkələr bəzən tənqid olunurlar, lakin onların yalnız mənfi aspektləri işıqlandırılmır. Onların ticarət, qarşılıqlı maraq və digər müsbət tərəfləri də Fransa mətbuatında öz əksini tapır. Mən jurnalistlərlə söhbətim zamanı onları başa salmağa çalışıram ki, tənqid etməyə hüquqları var, lakin ağı qaradan seçməyi bacarmalıdırlar. Hər məsələni özünün layiq olduğu adı ilə adlandırsalar yaxşıdır. Bəzən gedib yerində həqiqətləri, reallığı görmək xeyir gətirir. Onlar Golf ölkələrinə münasibətdə məhz belə də edirlər amma Azərbaycana münasibətdə heç bir səy göstərmirlər. Obyektivlikdən bu dərəcədə uzaqlaşaraq, bu gənc ölkənin göstərdiyi səyləri görməməzliyə qoyurlar.Çox gənc ölkənizdə təbii ki, inkişaf etdirilməli sahələr mövcuddur. Bunları Azərbaycan xalqı daha yaxşı bilər. Lakin mən onu deyə bilərəm ki, Azərbaycanda demokratiya, insan hüquqları və digər sahələr inkişaf etdikcə buna Azərbaycanın dostu kimi ürəkdən sevinirəm.
– Azərbaycana səfərlərinizdən ən çox yadınızda qalan məqamlar hansılardır?
– Azərbaycana səfərim zamanı iki dəfə yəhudi icmasının məskunlaşdığı şəhərdə olmuşam. Bu dağ yəhudilərinin yaşadıqları bir qəsəbədir, yalnız bir neçə yəhudinin yaşadığı məhəllə deyil. Burda tolerantlıq mövcuddur. Yəhudilər sözsüz ki, əhalisinin böyük əksəriyyətinin müsəlmanların təşkil etdiyi bir ölkənin çox cüzi bir hissəsini təşkil edirlər. Lakin bu bir işarədir və biz müsəlman ölkələrinin böyük əksəriyyətində buna rast gələ bilmərik. Bu yüksək qiymətə layiq bir reallıqdır.
Vüsalə İsmətqızı
Xəbərin müəllifi