Ermənistan Prezident Administrasiyasının rəhbəri Karen Karapetyanın istefaya göndərilməsi və bundan dərhal sonra hakim partiyanın iclasının çağırılıb, Karapetyanın heç bir vəzifəyə təyin olunmayacağı ilə bağlı Serj Sarkisyanın açıqlaması ciddi məsələlərdən xəbər verir. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
“Sarkisyan bununla öz komandasının üzvlərinə Karapetyana ümid etməmək, yaxınlaşmamaq əmrini verdi. Karapetyan Rusiyada kifayət qədər geniş imkanlara malik, Kremllə əlaqəsi olan Sanverd Karapetyanın qardaşıdır. Başqa sözlə, PA rəhbəri Ermənistan rəhbərliyində Rusiyanın ən yüksək təmsilçisi idi. İndi Serj Sarkisyan Rusiya ilə münasibətləri korlandığı üçün Rusiyadan özünə təhlükə gözləyir. Ona görə də özünə ən yaxın və ən böyük leqal təhlükəni neytrallaşdırdı “, – Əhmədoğlu əlavə edib.
Politoloqun sözlərinə görə, bu addımı atmazdan öncə Serj Sarkisyan Rusiyanın adamı hesab olunan eks-prezident Robert Köçəryanla məsləhətləşdi.
“Son illər ərzində Sarkisyanla Köçəryan arasında münasibətlərin kəskin olduğunu nəzərə alsaq, Sərkisyanın Köçəryanın bağ evinə gedərək onunla məsləhətləşməsini təsadüfi hesab etmirik “, – Əhmədoğlu belə hesab edir… Trend.