Şirkət ötən ilin göstəricilərini açıqladı…
Şirkət ötən ilin göstəricilərini açıqladı.
2014-cü il ərzində əhali sektoru üzrə 2 473 576 546 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında vəsaitin toplanması 101,08 faiz təşkil edib.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Ötən ilin dekabr ayı ərzində 404 077 097 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 89,2 faiz vəsait toplanıb.
Bu onunla əlaqədardır ki, 2014-cü ilin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Təcrübə göstərir ki, bu mövsümdə yaranan debitor borclar növbəti ilin yaz-yay mövsümündə abonentlər tərəfindən ödənilir. Güzəştsiz əhali üzrə 2014-cü ilin 1 yanvar tarixinə olan debitor borclar 12 ay ərzində 1,6 faiz azalıb.
Eyni zamanda 2014-cü il ərzində qeyri-əhali sektoru üzrə 2 018 529 148 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,71 faiz vəsait toplanılıb. Onu da qeyd edək ki, yanvarın 1-i 2015-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 120 650 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.