Tədbirlər Proqramı hazırlanıb…
Tədbirlər Proqramı hazırlanıb.
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-2016-cı illər üçün təhükəsiz iş şəraitinin təminatı ilə bağlı Tədbirlər Proqramını təsdiq edib.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturlarda yenidənqurma işlərinin aparılması məqsədi ilə keçirilmiş müşavirədə bu məsələ ilə bağlı Tədbirlər Proqramı təsdiq edilib.
Müşavirədə Şirkətin müvafiq struktur rəhbərlərinin iştirakı ilə neft-qaz hasilatının sabit saxlanılması, neft-mədən və sosial-məişət infrastrukturlarının təhlükəsiz istismarının təmin edilməsi, əmək şəraitinin yaхşılaşdırılması, istеhsalatda baş vеrə biləcək qəzaların, bədbəхt hadisələrin qarşısının alınması məqsədilə görülən işlər geniş müzakirə olunub.
Tədbirlər Proqramında 2015-2016-cı illər ərzində bu istiqamətdə həyata keçiriləcək tədbirlər çərçivəsində N.Nərimanov adına NQÇİ-də əsas kapitala yönəldilən investisiyaların azaldılması, əsaslı təmir xərclərinin artırılması məqsədəuyğun hesab edilir. NQÇİ-nin istismar etdiyi bir sıra köhnə meydançaların təmiri ilə bağlı layihələrin hazırlanması, ehtiyac duyulan hallarda vaqon evciklərin quraşdırılması, əvəzedici estakadaların tikintisi, özüllərarası neft-qaz xətlərinin çəkilməsi, qazpaylama sistemində, meydançalardakı enerji sistemlərində yenidənqurma işlərinin aparılması kimi məsələlər Proqramda geniş əksini tapıb.