“Sülh aylığı” çərçivəsində Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Zaqatala şəhərində “Multikultural cəmiyyətdə miqrantların rolu” mövzusunda tədbir təşkil edilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan yığıncaqda rayonun dövlət təşkilatlarından, inzibati ərazi dairə mərkəzlərindən, bələdiyyələrdən, QHT-dən ümumilikdə 200-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə Azərbaycanda multikultural dəyərlərin qorunması və inkişafı, bu sahədə aparılan dövlət siyasəti, ölkəmizdə olan əcnəbilərin məmnunluğu və cəmiyyətə inteqrasiyası üçün yaradılmış şərait haqqında tədbir iştirakçılarına məlumat verilib.
Tədbirdə, həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirlərinin görüldüyü diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Zaqatalada səyyar xidmət də keçirilib. Xidmətin imkanlarından 25 nəfər faydalanıb. Onlardan 11-inə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 6 nəfərdən vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 əcnəbidən isə müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənəd qəbul edilib. Həmçinin 6 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Dövlət Miqrasiya Xidməti